XƏBƏRLƏR

“Kənd məktəblisinə dəstək” layihəsi Xaçmazın Qımıl – qışlaq kəndindən başladı

“Kənd məktəblisinə dəstək” layihəsi Xaçmazın Qımıl – qışlaq kəndindən başladı

09 iyun 2017

Baxış sayı: 5040

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (AUTGT) “Kənd məktəblisinə dəstək” layihəsi Xaçmazın Qımıl-qışlaq kənd tam orta məktəbindən start götürüb. AUTGT-nin bir qrup üzvü və universitetin müəllim heyəti layihə çərçivəsində toplanmış məktəb ləvazimatı və hədiyyələri məktəblilərə çatdırıb.

AUTGT-nin nəzdində faəliyyət göstərən “Gənc Xeyriyyəçilər Klubu” layihəni iki mərhələdə həyata keçirib.

Birinci mərhələdə klub tərəfindən xeyriyyə konserti və xeyriyyə yarmarkası təşkil olunub. Yarmarka və konsertdən əldə olunan gəlir şagirdlər üçün müxtəlif növ məktəb ləvazimatları, həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün idman ləvazimatlarının satın alınmasına sərf olunub. Bundan əlavə ali məktəb tələbələri də abituriyentlər üçün zəruri olan sinif testləri, test bankları və əlavə dərs vəsaitləri, məktəb dərslikləri və kitablar hədiyyə etməklə aksiyada iştirak ediblər.

İkinci mərhələdə isə AUTGT-nin bir qrup üzvü və universitet müəllimlərindən ibarət heyət Şəmsəddin Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbinə yollanıb və aksiya çərçivəsində toplanmış məktəb ləvazimatları və hədiyyələr çatdırılıb. Azərbaycan Universiteti rəhbərliyinin məkətəbə hədiyyəsi olan üç dəst masaüstü kompüter də məktəb direktoruna təhvil verilib.

Məktəbdəki rəsmi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Qımıl – qışlaq kənd tam orta məktəbinin direktoru Nazim Rzaxanov, Azərbaycan Universitetinin müəllimi Polad Əzizov, AUTGT-nin sədri Cavidan Heybətzadə tədbir iştirakçılarına “Kənd məktəblisinə dəstək” layihəsinin məqsədi, icra olunma prosesi, həmçinin Azərbaycan Universiteti haqqında məlumat verib.

Qeyd edək ki, AUTGT-nin nəzdində fəaliyyət göstərən “Gənc Xeyriyyəçilər Klubu” tərəfindən həyata keçirilən layihənin məqsədi ucqar dağ kəndlərinin aztəminatlı şagirdlərinin məktəb ləvazimatları ilə təmin olunmasıdır. Layihə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə icra olunur. 2017/2018-ci tədris ilindən layihə öz işini davam etdirəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.06.2017

DİGƏR XƏBƏRLƏR