XƏBƏRLƏR

Tələbə könüllülər üçün nəzərdə tutulan “Könüllü” Tələbə Təqaüd Proqramının şərtləri açıqlandı

Tələbə könüllülər üçün nəzərdə tutulan “Könüllü” Tələbə Təqaüd Proqramının şərtləri açıqlandı

18 oktyabr 2017

Baxış sayı: 5283

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə, Azərbaycan Universiteti, ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin (https://www.facebook.com/eduaz/) təşəbbüsü ilə ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi və onların şəxsi inkişafına dəstək məqsədi ilə təsis olunan “Könüllü” Tələbə təqaüd proqramının qəbul şərtləri açıqlanıb.

“Könüllü” Tələbə Təqaüd Proqramına ixtisasından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilər. Qeyd edək ki, ictmai maraqlar da daxil olmaqla sosial şəbəkə istifadəçilərinin müraciətlərinə əsasən təqaüd proqramına müraciət üçün ixtisas məhdudiyyəti qoyulmamışdır.

“Könüllü”lük hərəkatının formalaşmasındakı rolunu nəzərə alaraq təqaüd proqramında Avropa Oyunları, İslam Oyunları, Avroviziya mahnı müsabiqəsi, Bakı Şəhər Halqası Formula 1, FİFA U-17 Qadınlararası Dünya Çempionatında könüllü olan gənclərə, “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, ASAN Könüllüləri Təşkilatının, İRƏLİ İctimai birliyinin, Gənclər üçün Təhsil Mərkəzinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT), “Bir” Tələbə-Könüllü Proqramı və Birləşmiş Millətlər Təşkilatın könüllüsü olmuş və hazırda könüllü olan şəxslərə üstünlük veriləcək.

Müraciət üçün tələbələr tərəfindən 15 A4 formatında səhifədən ibarət, ölçüləbilən meyarlara cavab verən və rəngli (şəkilli-izahlı) pdf və ya word formatda olmaqla, 10 MB həcmi aşmayan elanda göstərilən mövzular üzrə təqdimatlar hazırlanaraq müvafiq elektron keçidə yüklənməlidir. Qeyd edək ki, təqdimatlar müvafiq olaraq sosial innovasiyalar, sosial xidmətlərin inkişafında informasiya texnologiyaları, kənd turizminin inkişafına aid olmalıdır. 

Müsabiqə üzrə müraciətlər 25 noyabr 2017-ci il tarixi saat 18:00-dək qəbul olunacaq və 5 dekabr Beynəlxalq Könüllülər günü münasibəti ilə təqaüd alan tələbə könüllülər elan olunacaqdır. 

Qeyd edək ki, “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi Dr. Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və tələbələrin mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.

Təqaüd Fondunun ümumi miqdarı 3000 manat  təşkil edir. Müsabiqədə qalib seçiləcək 6 tələbə könüllüyə 500 azn məbləğində birdəfəlik təqaüd veriləcəkdir. Nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə veriləcək vəsait təhsil haqqına dəstək məqsədi ilə tələbənin təhsil aldığı ali təhsil ocağının hesabına köçürmə yolu ilə də ödənilə bilər. Tələbə-könüllü təhsil haqqından azaddırsa,  nəzərdə tutulan vəsaitin tələbə-könüllünün xüsusi bank kart hesabına köçürülməsi nəzərdə tutulur.

Əziz tələbə və gənclər,

“Könüllü” Tələbə Təqaüd Proqramına müraciətə keçid üçün bu bölməyə daxil olun:  

 https://goo.gl/JsBgxg

İctimaiyyətlə əlaqələr şöbəsi
18.10.2017


DİGƏR XƏBƏRLƏR