XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Vekua Cup-2016”dan sertifikatla qayıdıb

Azərbaycan Universitetinin tələbələri “Vekua Cup-2016”dan sertifikatla qayıdıb

27 aprel 2016

Baxış sayı: 6384

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Məmməd Kərimli (Kompüter mühəndisliyi, III kurs), Elvin Usubov (Kompüter mühəndisliyi, III kurs) və Cavid Həsənlidən (Kompüter elmləri, III kurs) ibarət komandası Gürcüstanın Zuqdidi şəhərində keçirilən Beynəlxalq Proqramlaşdırma Olimpiadası “Vekua CUP-2016”-da iştirak edib. Həm fərdi, həm də komanda yarışlarında güclərini sınayan tələbələrimiz turnirin sertifikatı və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. 
Komandanın rəhbəri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev Azərbaycan Universitetinin saytına Gürcüstan səfərini dəyərləndirib. Dekan qeyd edib ki, olimpiadada Rusiyanın Sankt Peterburq, Moskva, Novosibirsk, Ukraynanın Xarkov, Odessa, Ujqorod, Gürcüstan və Azərbaycan universitetlərindən MDB-nin ən güclü  komandaları iştirak edib: “Tələbələrimizin beynəlxalq turnirdə iştirakı onların təcrübə qazanmaları baxımından əhəmiyyət kəsb edir. Turnir komandamızın 30 aprel tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşlkil etdiyi İnformatika üzrə Respublika Olimpiadasının final mərhələsinə daha yaxşı hazırlanması üçün də səmərəli olmuşdur”.
Qeyd edək ki, Olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunur. Artıq 10 ildir ki, müsabiqədə bu il 22 universitetdən 55 komanda iştirak edib. Onlardan 13-ü finala vəsiqə qazanıb. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
27.04.2016

DİGƏR XƏBƏRLƏR