XƏBƏRLƏR

Azərbaycan Universiteti II ixtisas qrupu abituriyentlərinə 2 yeni ixtisas təklif edir

Azərbaycan Universiteti II ixtisas qrupu abituriyentlərinə 2 yeni ixtisas təklif edir

05 iyul 2019

Baxış sayı: 3302

Azərbaycan Universitetində 2019/2020-ci tədris ilindən başlayaraq  yeni ixtisaslar üzrə kadr hazırlığına  başlanacaq. II ixtisas qrupu üzrə Regionşünaslıq (Avropa ölkələri üzrə), Turizm və otelçilik ixtisaslarına bu ildən başlayaraq ilk dəfə qəbul aparılacaq.

Turizm və otelçilik ixtisası

Turizm sektoru dünyada iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul edilir. Turizm potensiallı ölkələr dövlət büdcələrinin böyük hissəsini bu sahənin hesabına formalaşdırırlar.

Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Turizm və otelçilik ixtisası üzrə məhz bu sahənin problemlərini yüksək peşəkarlıqla həll edə bilən kadrlar hazırlanır.

Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası

Geosiyasi şəraiti daima nəzarətdə saxlamaq istəyən dövlətlər maraqlı olduqları regionda dövlətlərarası münasibətlər haqqında dolğun və obyektiv informasiya əldə etmək istəyirlər. Bu informasiyanı toplamaq və onun əsasında hərtərəfli araşdırmalar aparmaq isə regionşünas mütəxəssislərin işidir.

Azərbaycan Universitetinin regionşünaslıq ixtisasına qəbul Avropa ölkələri istiqaməti üzrə aparılacaq.  

Hər iki ixtisas Biznes və iqtisadiyyat fakültəsinin tərkibində tədris olunur.

Bu ixtisaslarını karyera perspektivləri haqqında ətraflı məlumat almaq istəyən abituriyent və valideynlər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əlaqə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat almaq, maddi-texniki baza, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər ən gec bir gün əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.07.2019

DİGƏR XƏBƏRLƏR