XƏBƏRLƏR

Azərbaycan Universiteti və Çexiya Universitetinin əməkdaşları birgə tədqiqat aparıblar

Azərbaycan Universiteti və Çexiya Universitetinin əməkdaşları birgə tədqiqat aparıblar

16 oktyabr 2019

Baxış sayı: 5429

Azərbaycan Universitetinin beynəlmiləlləşməsi və beynəlxalq imicinin formalaşdırılması istiqamətində aparılan çoxşaxəli işlərin tərkib hissəsi olaraq dünyanın qabaqcıl universitetləri ilə elm və tədris sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetirilir, qarşılıqlı faydalı əməkdaşlıqlar qurulur. Görülən işlərin bariz nümunələrindən biri Azərbaycan Universiteti və Çexiya Respublikasının Praqa şəhərində yerləşən Hərbi Universitetin əməkdaşlarından ibarət birgə tədqiqat qrupunun yaradılmasıdır. İl yarım ərzində fəaliyyət göstərən tədqiqat qrupunun tərkibinə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika fakültəsinin dosenti Bəhrəm Əzizov, Praqa Hərbi Universitetindən isə Michal Smerek, Veronika Lacinova daxildir.

Tədqiqat qrupunun ekspert sistemlərinin və qeyri-səlis nəzəriyyənin logistikada yüklərin daşınmasında riskinin qiymətləndirilməsinə tətbiqi (Application of Decision-Making Expert Systems in Transportation) ilə bağlı apardığı araşdırmalarla ciddi elmi nəticələr əldə edilib. Risklərin qiymətləndirilməsi məsələlərinin həlli üçün təklif edilən metod həmçinin qeyri-səlis nəzəriyyənin tətbiqini də nəzərdə tutur. Araşdırmaların ilkin mərhələsində alınan nəticələr elmi məqalə kimi təqdim edilərək “Naše More-International Journal of Maritime&Technology” jurnalında çap olunub. Xorvatiyada çap olunan jurnal “Web of Science” bazasında indekslənir.

Qarşılıqlı razılaşma əsasında tədqiqatların gələcəkdə də davam və inkişaf etdirilməsi və bu qrupa digər elmi mərkəzlərin alimlərinin də cəlb olunması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.10.2019

DİGƏR XƏBƏRLƏR