Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Bu status Azərbaycan Universitetinə Litva Respublikasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən verilib.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.
“Azərbaycanda ECDL milli operator və test mərkəzlərinin yaradılması” (E-NOTES) Tempus layihəsi çərçivəsində 2015-ci ilin fevral ayında qurulan Mərkəz həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən iştirakçılar kompüter bacarıqlarını müvafiq modullar üzrə beynəlxalq səviyyəli sertifikatla təsdiq edə bilirlər.
Təlimlər ECDL sillabusuna əsasən aşağıdakı modullar üzrə aparılır:
- Kompüterin əsasları
- Onlayn biliklər
- Mətn Prosessoru
- Elektron cədvəllər
- Verilənlər bazası
- Təqdimat
- Onlayn əməkdaşlıq