NEWS

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

24 february 2017

Baxış sayı: 4761

Azərbaycan Universitetinin ənənəvi Xocalı soyqırımını anım tədbiri bu il Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə keçirilib. Soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri məktəbin direktoru Yaqut Sadıqova açaraq qeyd edib ki, Xocalı yalnız XX əsrin deyil, bütün əsrlərin, bəşər tarixinin faciəsi və kədəridir. Çünki, bu hadisə tarixdə və yaddaşlarda ağlasığmaz qəddarlıq, vəhşilik və işgəncələrlə qalacaq.

Azərbaycan Universitetinin professoru Qabil Əliyev çıxışında “Niyə məhz Xocalı” və “Xocalı soyqırımı baş verməyə bilərdimi” sualları ətrafında soyqırımı aktı ilə bağlı müxtəlif məqamlara aydınlıq gətirib. Professor qeyd edib ki, dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində xeyli irəliləyişə nail olunsa da, soyqırımı törədənlər hələ də cəzalanırılmayıb. Bu səbəbdən təbliğat səbirlə və durmadan davam etdirilməlidir.

Anım tədbirində Azərbaycan Universitetinin sifarişi ilə “SƏS” Media Qrupu tərəfindən hazırlanmış “Qanlı gecə” adlı sənədli filmin təqdimatı da olub.

Tədbirdə Azərbaycan Universitetinin tələbələri və 13 nömrəli məktəbin şagirdləri tərəfindən birgə hazırlanmış “Fəryad” kompozisiyası və “Xocalı” səhnəciyi nümayiş olunub, faciəyə həsr olunmuş şeir və mahnılar səsləndirilib.

Tədbir Azərbaycan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, 13 saylı tam orta məktəb və “SƏS” Media Qrupu tərəfindən birgə təşkil olunub.

Tədbir iştirakçıları tərəfindən məktəbin foyesində Xocalıya həsr edilmiş rəsm əsərlərinə baxış da keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
24.02.2017


 

OTHER NEWS