NEWS

Azərbaycan Universiteti məzunlarının görüşü keçirilib

Azərbaycan Universiteti məzunlarının görüşü keçirilib

27 december 2015

Baxış sayı: 4874

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il ərəfəsində Azərbaycan Universiteti məzunlarının I görüşü keçirilib. Excelsior Hoteldə keçirilən görüşdə universitetin rektoru Fərid Əhmədov, vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, 2007-2011-ci illər ərzində Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmiş prof. Akif Musayev, universitetin bir qrup əməkdaşı və əsasən ilk dönəm məzunları iştirak edib.
Görüşdə məzunlara Azərbaycan Universitetinin fəaliyyətindəki yeniliklər haqqında məlumat verilib və məzun rozeti təqdim edilib. Məzunlar da universitetin rəhbərliyi və müəllimləri ilə görüşdən çox şad olduqlarını qeyd edib, tələbəlik illərinin xoş xatirələri, həmçinin öz işləri və uğurlarından danışıblar.
Rektor Fərid Əhmədov 2016-cı ildə universitetin  25 illiyini qeyd edəcəyini diqqətə çatdırıb. Rektor, 25 illik tarixi ərzində Azərbaycan Universitetinin minlərlə kadr yetişdirdiyini, məzunların yüksək məşğulluq səviyyəsinə və ölkənin ictimai-siyası həyatında aparıcı mövqeyə malik olduqlarını qeyd edib. Fərid Əhmədiov bildirib ki, görüşün məqsədi məzunların həm birbirləri, həm də universitet ilə əlaqələrinin daha yüksək səviyyədə qurulması, onların universitetin ictimai həyatında daha yaxından iştirakının təmin olunmasından ibarətdir.
Prof. Akif Musayev çıxışında Azərbaycan Universitetinin her zaman ölkənin ali təhsil məkanında öz çəkisi ilə fərqləndiyini və qabaqcıl universitetlər sırasında olduğunu vurğulayıb:  “Biz hamımız ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti ailəsinin üzvləriyik. Azərbaycan Universiteti kadr hazırlığı, professor-müəllim heyəti, elmi-pedaqoji potensial, beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması, müəllim-tələbə münasibətləri, həmçinin məzunlarının məşğulluq səviyyəsi baxımından hər zaman öncül mövqedə olmuşdur”. Akif Musayev çıxışında məzunları universitetin ictimai həyatında fəal iştiraka dəvət edib.
Görüşdə xaricdə yaşayan məzunlar ilə “Skype” proqramı vasitəsilə əlaqə saxlanıb. Səsli və görüntülü virtual iştirak ilə onlar da məmnuniyyətlərini dilə gətirib, xatirələrini bölüşüblər.
Tədbirdə məzun görüşlərinin ənənəvi olaraq hər il keçiriləcəyi bildirilib.
Qeyd edək ki, tədbirin təşkilatçısı Universitetin Karyera Koordinasiya Mərkəzidir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
27.12.2015

OTHER NEWS