Məzun xəbərləri

24.01.2021 / Məzunumuz Orxan Aslanlının şeir kitabı çap olunub

Jurnalistika ixtisası üzrə 2013-cü il məzunumuz Orxan Aslanlının “Mənə şeir yaz” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib. Təqdimat “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutub. Redaktoru Şərif Ağayar olan kitabda Orxan Aslanlının son 5 ildə yazdığı şeirlər toplanıb. Orxan Aslanlı 2019-cu ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin məsləhətçisi vəzifəsini icra edir.


07.12. 2021 / Məzunumuz Səyavuş Əlizadənin təsisiçisi olduğu muzey fəaliyyətə başlayıb

 İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə 2009-cu il məzunumuz Səyavuş Əlizadənin təsisçisi olduğu Azərbaycanda ilk Etno-Art Muzey Mərkəzi fəaliyyətə başlayıb. Xəzər rayonun Şağan qəsəbəsində yerləşən muzeydə 12 mindən çox eksponat mövcuddur.

Səyavuş Əlizadə 2017-ci ildən “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin İctimaiyyətlə əlaqələ üzrə mütəxəssisi vəzifəsində işləyir. “Şağan və şağanlılar” adlı elmi-publisistik, “Bakılı belə danışır: Bakı ləhcəsi” adlı elmi-populyar kitabların müəllifidir.


17.08.2021 / Məzunumuz Qalib Həsənov yeni vəzifəyə təyinat alıb

Məzunumuz Qalib Şamil oğlu Həsənov mədəniyyət naziri Anar Kərimovun əmri ilə Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. Ali təhsilin hər iki pilləsini Azərbaycan Universitetində bitirib. 1995-ci ildə beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bakalavr, 1999-cu ildə eyni ixtisas üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.

Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.


 23.07.2021 / Məzunumuz İrfan Davudov Malayziyaya səfir təyin olunub

Məzunumuz İrfan Şakir oğlu Davudov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İrfan Davudov ali təhsilin hər iki pilləsini Azərbaycan Universitetində bitirib. 1995-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. Uzun illərdir diplomatik xidmət orqanlarında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Rumıniya Səfirliyində müşavir olub.

Məzunumuzu təbrik edir, ölkəmizin milli maraqlarının qorunması, beynəlxalq aləmdə layiqincə təmsil olunması kimi məsuliyyətli və şərəfli işdə uğurlar arzulayırıq!


02.07.2021 / Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçilib

Məzunumuz, hüquq üzrə fəlsəfə doktoru, dosent, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçilib.

Bu münasibətlə Nadir müəllimi təbrik edir, bu sahədə də uğurlu fəaliyyət arzulayırıq! Əminik ki, Nadir müəllim digər təyinat və seçkili vəzifələrində olduğu kimi bu sahənin də inkişafına böyük töhfələr verəcək, ölkəmizdə formalaşmaqda olan mediasiya institutu qısa zamanda böyük ictimai etimada nail olacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür. “Mediasiya haqqında” Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) 2020-ci il sentyabrın 14-də keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçilib. 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır. 18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv olaraq seçilir.


09.04.2021 / Kənan Əliyev yeni vəzifəyə təyinat alıb

Sosial iş ixtisası üzrə 2018-ci il məzunumuz, “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü, 2 saylı Bakı DOST Mərkəzinin İnzibati Dəstək Şöbəsinin məsləhətçisi Kənan Əliyev 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Məzunumuzu təbrik edir, yeni uğurlar arzulayırıq!


30.12.2020 / Füzuli Məcidli Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub

Qazaxıstanın paytaxtı Nursultanda yerləşən Beynəlxalq Türk Akademiyası prezidentinin məsləhətçisi, Azərbaycan Dövlət Televiziyasının Qazaxıstan və   Mərkəzi Asiya üzrə bürosunun rəhbəri, Beynəlxalq münasibətlər ixtisası üzrə 2003-cü il məzunumuz Füzuli Məcidli Qazaxıstan Xalqı Assambleyasının sədri, Qazaxıstan Respublikasının qurucu prezidenti, Elbaşı Nursultan Nazarbayevin müvafiq əmri ilə “Birlik” qızıl medalı ilə təltif olunub. Məzunumuz yüksək mükafata “Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə layiq görülüb. Qeyd edək ki, Qazaxıstan və Azərbaycan xalqlarını tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 150 mindən çoxdur və onlar ölkənin siyasi, mədəni və sosial həyatında fəal iştirak edirlər. Hazırda Qazaxıstanda güclü azərbaycan diasporu mövcuddur. Ölkənin müxtəlif bölgələrində ümumilikdə 32 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir.


30.12.2020 / Hüseyn Salehov “Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” medalı ilə təltif olunub

Polşada yaşayan bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki Səfirliyi tərəfindən “Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” medalı ilə təltif olunub. Polşa və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin Polşada təbliğ edilməsində göstərdikləri fədakarlıqlara, bu ölkədə yaşayan soydaşlarımızın birliyinə və həmrəyliyinə bəxş etdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülənlər arasında marketinq üzrə 2014-cü il məzunumuz Polşa Azərbaycanlıları Şurasının Varşava və regionlar üzrə əlaqələndiricisi Hüseyn Salehov da var. Mükafata layiq görülən soydaşlarımıza medalları Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov təqdim edib. Qeyd edək ki, “Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” medalı Azərbaycan Milli ordusunun generalı Maçey Sulkeviç və Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigarın adına təsis edilib.


05.03.2020 /Mirhəsən Seyidov Neftçalaya icra başçısı təyin edilib

Məzunumuz Mirhəsən Seyidov Prezident İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamına əsasən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu münasibətlə məzunumuzu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

Mirhəsən Mirheydər oğlu Seyidov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 287 saylı “Zəkalar” liseyini bitirib. 2006-cı ildə Azərbaycan Universitetinin Vergi və vergitutma ixtisasına qəbul olub, 2010-cu ildə bu ixtisas üzrə bakalavr dərəcəsi alıb. 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsində Beynəlxalq biznes (MBA) üzrə təhsil alıb.

İctimai fəaliyyətinə 2005-ci ildə başlayıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ), UNICEF (Bakı şəhəri) Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı ildə ARGTMŞ Regionlarla iş üzrə departament sədri, 2007-ci ildə isə ARGTMŞ Layihələrlə iş üzrə departament sədri vəzifəsinə təyin olunub.

2009-cu ilin mayında Dünya Türk Gəncləri Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2009-cu ilin dekabrında ARGTMŞ Baş katib müavini vəzifələrini icra edib.

2012-ci ilin fevralında Avroviziyanın Azərbaycandakı rəsmi Fan Klubunun sədri, 2012-ci ilin mayında Azərbaycanda Avropa Hərəkatı İdarə Heyətinin üzvü, 2012-ci ildə ARGTMŞ-da sədr müavini olub.

2014-cü ildən “İRƏLİ” İctimai Birliyinin sədri, 2015-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2016-cı ildə “Azərbaycan Respublikası Konstitusiyasında Dəyişikliklər edilməsi haqqında” Referendumda “Vətəndaş Cəmiyyəti” Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi olub.

2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

2017-ci ilin martından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müşahidə şurasının, 2017-ci ilin sentyabrdan Təhsil Nazirliyi yanında Daimi Şuranın üzvüdür.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, BMT Uşaq Fondu (UNICEF), Avropa İttifaqı, Avropa Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir sıra tədbirlərində Azərbaycanı təmsil edib.

“SAY: Support of Azerbaijan Youth” hərəkatının ideya müəllifi və təsisçisidir. “Gənclik Meydanı”, “Gənc Jurnalistlər üçün təlim-düşərgə”, “Sağlam həyat tərzi və idman” və başqa bu kimi yay məktəbi, çempionat, beynəlxalq və yerli layihələrin koordinatorudur.