Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
HEYDƏR ƏLİYEV
Kitabxana haqqında
Azərbaycan Universitetinin Elmi Kitabxanası Universitetin aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
Kitabxana fondu
Azərbaycan Universitetinin, elmin bütün sahələrini əhatə edən zəngin kitabxanası var. Kitabxanada iki şöbə, bir bölmə, oxu zalı fəaliyyət göstərir. Tədris və Tədris-metodiki İnformasiyanın əsas mənbəyi 25453 nüsxə saxlama vahidi olan kitabxana fondudur və bu fond mütamadi olaraq yenilənir.
Universitetin kitabxanası tədris planlarının bütün fənləri üzrə tədris prosesinin təşkil edilməsi üçün lazımi tədris və tədris metodiki ədəbiyyatla təmin edir. Əsasən bu, dərsliklər, tədris-metodiki, sorğu və elmi-texniki ədəbiyyat, həmçinin normativ sənədlərdir. Kitabxana internet resurslarından istifadə etməyə imkan verir.
Kitabxana fonduna mütamadi olaraq yeni kitablar daxil olur. Yeni kitablar əsasən aşağıda adları göstərilən mənbələrdən daxil olur:
- Universitetin ayırdığı vəsait hesabına
- Müəlliflər tərəfindən hədiyyə edilən kitablar
- Xarici işlər nazirliyi
- Auditorlar palatası
- AMEA
- Səfirliklər
- Müxtəlif təşkilatlardan
Kitabxananın strukturu
Komplektləşdirmə, Kitabişlənmə və kataloqlaşdırma
Kitabxanaya daxil olan kitablar Kitabxana-biblioqrafiya təsnifatına uyğun işlənir, qeydiyyata alınır və elmin sahələri üzrə fonda yerləşdirilir.
Məlumat - biblioqrafiya
Kitabxanada Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli elektron kataloq tərtib edilir. Universitet yarandığı ildən etibarən Kitabxanaya daxil olan bütün kitablar haqqında məlumat Elektron kataloqa (EK), fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir.
Ümumi oxu zalında - Azərbaycan, rus və xarici dillərdə olan kitablara sifariş verilir. Bundan əlavə, professor- müəllim heyəti və tələbələr kitabxanada yerləşdirilmiş kompüterlərdən rahat şəkildə istifadə edirlər.
Dövrü mətbuat Fondda MDB dövlətləri və xarici ölkələrdə nəşr olunan qəzet və jurnallar mövcuddur.
Abonement qaydaları
Kitabxana fondunda, nüsxə sayı çox olan dərsliklər və dərs vəsaitləri semestrin axırına qədər, nüsxə sayı az olan isə 1-5 gün müddətinə verilir.
Götürülmüş ədəbiyyatlar tədris ilinin sonunda kitabxanaya geri qaytarılmalıdır.
Universitetin kitabxanasına bütün inzibati işçilər,o cümlədən, professor-müəllim heyəti, magistrlər və tələbələr üzv ola bilər. Kitabxanaya üzv olarkən aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Şəxsiyyət vəsiqəsi
- Tələbə bileti
Kitabxanada İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64+) tam komplekti tətbiq edilir. Belə ki, kitabxana xidmətlərinin web mühitə daşınmasıyla, müasir standartlara cavab verən tam elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Elektron kitabxanaya dünyanın istənilən nöqtəsindən internet vasitəsi ilə çıxış mümkündür. Tələbələr harada olduqlarından asılı olmayaraq rəqəmsal kitabxana xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Elektron kitabxana veb üzərindən işləyir və bütün proseslər istifadə olunan proqram təminatı vasitəsilə tam avtomatlaşdırılıb. Universitetin saytına daxil olduqdan sonra “Elektron kitabxana” linkindən zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış olmaq, sorğulara kitabxanaçı-biblioqrafın köməkliyi olmadan məsafədən operativ cavab almaq mümkündür. Müəllim və tələbələr, eləcə də universitet əməkdaşları kitabxanaya müraciət edərək istifadəçi adı və şifrə götürməklə elektron kitabxananın xidmətlərindən istifadə edə bilərlər.
Bu sistem (İRBİS 64+) fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də oxuculara kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə etməyə imkan yaradır. Bundan əlavə, professor- müəllim heyəti, hər bir tələbə Kitabxananın veb səhifəsi vasitəsi ilə onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər. Sistemdə elmi məqalələrin, dissertasiyaların, avtoreferatların və s.yerləşdirilməsi üçün bölmə də mövcuddur.
Bundan başqa Azərbaycan Universiteti artıq dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO-ya abunədir və ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri- magistrlar, doktorantlar bazadan sərbəst şəkildə istifadə edə bilir. EBSCO aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir.
Universitetin kitabxana fondunun zənginləşdirilməsi və kitabxana işinin günün tələblərinə uyğun qurulması istiqamətində son illər xeyli iş görülmüşdür. Kitabxana fondunun komplektləşdirilməsinin strateji istiqamətləri müəyyənləşdirilmişdir. Bu gün üçün tələbə və müəllim heyətinin kitabxanaya olan tələbatını ödəmək üçün müvafiq ixtisas kafedralarının sifarişləri əsasında kitabxana fondu dövrü olaraq yenilənir, mübadilə əsasında digər Universitet kitabxanaları, dövri nəşrlər, internet resurslarından geniş istifadə olunur.
Mütəmadi verilən suallar
Kitabxanadan aldığım kitabın müddətini uzada bilərəmmi?
– Oxucular aldıqları kitabların müddətini verilən müddət başa çatmadan bir dəfə uzada bilərlər.
Universitetdə yeni qeydiyyatdan keçdim. Kitabxanadan necə istifadə edə bilərəm?
– Yeni qeydiyyatdan keçən tələbələr tələbə biletləri ilə birlikdə kitabxanaya müraciət etdiklərində kitabxanadan istifadə edə bilərlər.
Başqa bir universitetin tələbəsiyəm. Sizdən kitab ala bilərəmmi?
– Başqa universitetin tələbələrinə xidmət hələ ki nəzərdə tutulmayıb.