NEWS
Azərbaycan Universitetində denver metodologiyasının tətbiqi ilə bağlı təlim təşkil olunub
Azərbaycan Universitetində “Denver II Uşaq İnkişafına Dəstək Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü ilə “Uşaqların Denver II metodologiyası ilə qiymətləndirilməsi” layihəsi çərçivəsində eyniadlı təlim təşkil olunub. Sosial iş ixtisası üzrə təhsil alan bakalavriat tələbələrinin iştirak etdiyi təlimin məqsədi gələcəkdə uşaqlarla işləyəcək mütəxəssislər arasında denver metodologiyası vasitəsilə qiymətləndirilmənin təbliği və öyrədilməsidir.
Sosial işin təşkili kafedrasının müəllimi Ülviyyə Mirzəyevanın apardığı təlimdə iştirakçılar Denver II skrininq metodologiyasının tətbiqini öyrəniblər. Sosial işçilər Denver metodologiyasını tətbiq etməklə uşaqların sağlamlığında olan problemləri erkən aşkara çıxara biləcəklər.
Qeyd edək ki, erkən yaşlarda ölçmə və qiymətləndirmə uşaqların bütün inkişafı haqqında məlumat əldə etmək, təlim prosesində uşağın inkişafını izləmək və xüsusi qayğıya ehtiyacı olan uşaqları müəyyən etmək üçün istifadə olunur. Denver testi uşaqların yaşına uyğun bacarıqlar əldə edib-etmədiyini müəyyən etmək üçün nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi