NEWS
Eltun Xudiyev: Almaniyada oxumaq həyatımın ən gözəl təcrübəsidir
Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Eltun Xudiyev 2025/2026-cı tədris ilinin payız semestrində təhsilini Almaniyanın Koblenz Universitetində davam etdirir.
Eltun Xudiyev öz təəssüratlarını saytımız ilə bölüşür:
Hazırda payız semestrini Almaniyanın Remagen şəhərində, Koblenz Universitetində, “RheinAhrCampus”da oxuyuram və etiraf etməliyəm ki, bu, həyatımın ən gözəl təcrübələrindən biridir. Bu semestr mənim üçün təkcə dərslərdən ibarət deyil, həyatımda açılan yeni pəncərə, yaddaşımda iz qoyan unudulmaz bir səyahətdir.
İlk günlər bir az həyəcanlı idim, yeni bir ölkə, yeni insanlar, fərqli mühit, tamamilə fərqli bir dil… Amma daha ilk gündən hər kəs o qədər mehriban idi ki, bütün qeyri-müəyyənliklər itib getdi, özümü evimdə hiss etdim. İnsanların səmimiliyi mənə burada yad olmadığımı hiss etdirdi. Hətta bir nəfərin “Do you speak Turkish?” deməsi bu hissi daha da artırdı.
Artıq xeyli vaxtdır ki, buradayam və Remagen mənim üçün doğma yerə çevrilib. Hətta bir gecə Dortmunddan qayıdarkən qatar stansiyasının sükutu, soyuq hava və yağışlı küçələr içimdə qəribə hisslər oyatdı. O anda gülümsədim və dedim: “Home sweet home.” O an başa düşdüm ki, mən artıq xaricdə sadəcə oxumuram, burada qonaq deyiləm, burada yaşayıram və buraya aidəm, bu şəhər mənim həyatımın bir parçasına çevrilib.
Burada hər gün həyatımın yeni səhifəsi açılır. Keçən həftə “Halloween”i qeyd etdik, indi artıq Yeni il və “Christmas” ab-havasını hiss edə bilirəm. Hər gün mənə yalnız dərslərlə deyil, həyatla və insanlarla bağlı da yeni nəsə öyrədir.
Bu təcrübə mənə həm də özümü daha yaxşı tanımaq imkanı verdi. Əgər sizin də belə bir imkanınız olsa, tərəddüd etmədən mütləq dəyərləndirin. Xarici ölkədə bir semestr oxumaq insanı dəyişdirir, dünyagörüşünü genişləndirir və özünü kəşf etməyə imkan yaradır.
Bakıda görüşənədək.
Auf Wiedersehen!
İctimaiyyətlə əlaqələr şöbəsi