NEWS

Azərbaycan Universitetinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

Azərbaycan Universitetinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

28 august 2025

Baxış sayı: 82

Azərbaycan Universitetinin əməkdaşları Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun ev sahibliyi ilə hibrit formatda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfransda Azərbaycan Universitetini təmsil edən məruzəçilər - Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev, Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi dekanı Asif Paşayev “Diskret Volterra tipli sistemlər üçün pilləvari idarəetmə məsələsi və minimax idarəetmə modelinin tədqiqi” (On a Stepwise Control Problem for Discrete Volterra Type Systems and Study of the Minimax Control Model) mövzusunda məruzə ilə çıxış ediblər. Məruzə “Optimallaşdırma və optimal idarə” seksiyasında dinlənilib, mövzu aktuallığı ilə seçilib və ətraflı elmi müzakirələrə səbəb olub.

Konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya, Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Kipr, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, İsveç və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər.

Beynəlxalq konfransda seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V. M. Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS