NEWS

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tələbələr üçün yenilənmiş təhsil proqramlarının təqdimatını keçirib

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tələbələr üçün yenilənmiş təhsil proqramlarının təqdimatını keçirib

13 november 2026

Baxış sayı: 38

Azərbaycan Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tələbələr üçün yenilənmiş təhsil proqramlarının təqdimatını keçirib. Tədbirdə rektorun müşaviri və mərkəzin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, kafedra müdirləri, akademik məsləhətçilər və magistrantlar iştirak ediblər. 

Tədbiri mərkəzin direktoru Nüşabə Quliyeva açaraq qeyd edib ki, Azərbaycan Universiteti tələbələrə müasir akademik mühit təqdim edir. Magistratura səviyyəsi üzrə bütün ixtisasların təhsil proqramları yenilənib və proqramların hazırlanmasında nəticəyönümlü yanaşma əsas götürülüb. Bu çərçivədə süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar, innovativ informasiya sistemləri və digər müasir istiqamətlər üzrə fənlər tədris planlarına daxil edilib, müvafiq bilik və bacarıqlar müxtəlif ixtisas fənlərinin məzmununa inteqrasiya olunub.

Daha sonra kafedra müdirləri və akademik məsləhətçilər yeni təhsil proqramlarının məzmunu, dissertasiya mövzularının seçilməsi və tədqiqat işlərinin hazırlanması ilə bağlı məlumat verib, sualları cavablandırıblar. 

Tədbirdə magistrantların elmi fəaliyyətinin təşviqi məsələsinə toxunulub. Onlara elmi konfranslarda iştirak, nüfuzlu elmi jurnallarda məqalə nəşri imkanları barədə məlumat verilib. Həmçinin xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən beynəlxalq akademik mobillik proqramları, bu proqramlarda iştirak şərtləri diqqətə çatdırılıb.

Tədbir yenilənmiş təhsil proqramlarının məzmunu ətrafında müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS