NEWS
Azərbaycan Universitetində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açılış nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb. Rektor çıxışında Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Universitetində keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, universitetdə keçirilən bütün tədbirlərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması və yaşadılması məsələlərinə hər zaman xüsusi diqqət yetirilir. Gənc nəsildə dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhu və ictimai məsuliyyətin formalaşdırılması universitetin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda təşkil olunan konfrans həm tarixi yaddaşın gücləndirilməsi, həm də müasir dövrün reallıqlarının tələbələrə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, komitənin üzvləri – professor Bəxtiyar Əliyev, dosent Mehriban Vəliyeva, dosent Ceyhun Məmmədov, professor Vasif Qafarov, Şahin Seyidzadə, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın müdiri, dosent Elvin Talışınskinin məruzələri dinlənilib.
Məruzələr Azərbaycan tarixinin son 200 ilinə nəzər salmaqla, dövlətçilik ənənələrinin inkişaf yolunu, suverenlik uğrunda mübarizənin mərhələlərini və bugünkü tarixi reallıqların mahiyyətini əhatə edib. Çıxışlarda vurğulanıb ki, ölkənin strateji inkişaf xəttinin ardıcıllığı, dövlətçilik prinsiplərinə sadiqlik və milli maraqların qətiyyətlə qorunması müstəqilliyin əbədiliyinin başlıca təminatıdır.
Çıxışlarda qeyd olunub ki, tədbir Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu və Qarabağ Zəfərinin 5-ci ildönümlərində, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü, 17 Noyabr – Milli Dirçəliş Günü, 20 Noyabr – Ağdam şəhəri günü və 25 Noyabr – Kəlbəcər şəhəri günü kimi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrinin qovşağında və ərəfəsində keçirildiyi üçün mühüm ideoloji platformadır. Bildirilib ki, Azərbaycan son iki əsrdə ardıcıl olaraq torpaq itkisinə məruz qalıb, müstəqilliyinin bərpasının ilk illəri ağır və məşəqqətli keçib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin siyasi, iqtisadi və hərbi gücünün möhkəmlənməsinin və yeni bir dövrün əsası qoyulub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət, iradə və ardıcıllıqla həyata keçirilməsi, Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun qəhrəmanlığı Qarabağ Zəfərini mümkün edib. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev, Qarabağ Zəfərinin memarı isə Prezident İlham Əliyevdir. Azərbaycanın bu gün beynəlxalq müstəvidə sərgilədiyi mövqeyin əsasında güclü dövlətçilik dayaqları dayanır.
Bildirilib ki, Qarabağ Zəfəri ilə Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atıb və tarixi ədaləti bərpa edib. Qarabağ münaqişəsinin çoxşaxəli tarixi köklərinə baxmayaraq, münaqişə məhz güclü dövlət iradəsi, güclü prezident hakimiyyəti və milli həmrəyliyin nəticəsi olaraq həll edilib. Bu Zəfər yeni tarix yazıb, Azərbaycan xalqının özünüdərkini daha da gücləndirib, “Böyük Qayıdış” prosesinin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu ərazilər indi inkişaf etmiş, müasir yaşayış məkanlarına çevrilir.
İctimaiyyətlə əlaqələr şöbəsi














