NEWS

Azərbaycan Universitetində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, politoloq Aytən Qurbanova və  Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, Diplomatiya Araşdırmaları və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun məruzələri dinlənilib. Aytən Qurbanovanın məruzəsi “Regional təhlükəsizlik sistemində Azərbaycanın rolu” mövzusuna həsr olunub, Samir Hümbətov  isə “Azərbaycan Respublikasında ordu quruculuğu, Heydər Əliyevin hakimiyyətə gəlişi və müstəqilliyin bərpası dövründə ordu quruculuğunun problemləri, eləcə də onların beynəlxalq sistemə təsirləri” mövzusunda çıxış edib. 

Aytən Qurbanova məruzəsində qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin müstəqilliyi, suverenliyi və milli təhlükəsizliyinin əsas təminatçısıdır. 2020-ci ilin payızında Azərbaycan Ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib. Azərbaycanın bu gün qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış etməsi, Avropanın enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq sahələrində artan rolu ölkənin hərbi-siyasi gücü ilə sıx bağlıdır. 

Samir Hümbətov çıxışında bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi üç əsas tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun  yaradılması milli ordu quruculuğunun mühüm addımı olsa da, AXC-nin süqutu ilə bu proses dayanıb. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti, eləcə də misilsiz xidmətləri ilə müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayıb. 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması silahlı qüvvələrin döyüş qabiliyyətinin və beynəlxalq nüfuzunun artırılmasına xidmət edən mühüm addımdır. Aprel və Tovuz döyüşlərinin nəticələri Vətən müharibəsindəki tarixi Qələbəyə zəmin yaradıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan 8 Noyabr Qələbəsi isə Azərbaycan Ordusunun gücünü və milli təhlükəsizliyin etibarlı təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirib. Azərbaycan bu gün Silahlı Qüvvələrinin gücünə və dəyərlərinə söykənərək gələcəyə daha inamla addımlayır. 

Qeyd edək ki, tədbir İqtisadiyyat və idarəetmə kafedrası ilə Maliyyə və mühasibat kafedrasının birgə təşkilatçılığı ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS