NEWS
Siyasi və ictimai elmlər kafedrası Lənkəranda elmi seminar keçirib
Siyasi və ictimai elmlər kafedrası tərəfindən 2026-cı il üzrə təsdiq edilmiş illik fəaliyyət planına uyğun olaraq elmi seminarlar, konfranslar və maarifləndirici tədbirlərin təşkili davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, Azərbaycan regionlarının tarixinin və zəngin mədəni irsinin dərindən öyrənilməsi, eləcə də akademik mühitlə yerli ictimaiyyət arasında qarşılıqlı elmi əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır. Bu təşəbbüslər eyni zamanda tələbə və gənc tədqiqatçılar arasında milli-mədəni dəyərlərə marağın artırılmasına, onların elmi dünyagörüşünün formalaşdırılmasına və tədqiqat bacarıqlarının inkişafına mühüm töhfə verir.
Kafedranın fəaliyyət planına uyğun olaraq növbəti elmi seminar Lənkəran şəhərində təşkil olunub. Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının bir qrup pedaqoji heyət üzvü və universitetin tələbələri iştirak edib. “Tarixi və mədəni abidələrimizin Vətən tarixində yeri (Cənub-Şərq regionunun tarixi abidələri əsasında)” mövzusuna həsr edilən seminar çərçivəsində Azərbaycanın Cənub-Şərq bölgəsinin zəngin tarixi-mədəni irsi geniş elmi müzakirə predmetinə çevrilib.
Elmi seminarda regionun tarixi abidələrinin yaranma mərhələləri, onların milli kimliyin formalaşmasında rolu, həmçinin bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, müasir dövrdə qloballaşma şəraitində mədəni irsin mühafizəsi, onun elmi əsaslarla tədqiqi və beynəlxalq səviyyədə tanıdılması məsələləri diqqət mərkəzində olub.
Seminarın əsas məruzəçisi kafedranın dosenti, tarix elmləri doktoru Bəhman Kərimov olub. Bəhman Kərimovun məruzəsində regionun tarixi abidələrinin elmi təhlili təqdim edilib, onların mənbəşünaslıq baxımından qiymətləndirilməsinin və regionun tarixinin öyrənilməsində əhəmiyyəti vurğulanıb.
Tədbirdə kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski və kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədli də çıxış edərək regionun tarixi irsinin qorunması istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər barədə öz elmi yanaşmalarını təqdim ediblər. Çıxışlarda xüsusilə abidələrin inventarlaşdırılması, rəqəmsallaşdırılması və elmi dövriyyəyə cəlb olunmasının vacibliyi vurğulanıb.
Seminar iştirakçıları səfər çərçivəsində Lənkəran şəhərində yerləşən bir sıra tarixi-mədəni abidələri də ziyarət ediblər. Yerində aparılan müşahidələr əsasında müzakirələr təşkil olunub və bu praktiki yanaşma iştirakçılara nəzəri biliklərini real tarixi mühitdə tətbiq etmək imkanı yaradıb.
Qeyd edək ki, bu kimi elmi seminarların keçirilməsi ölkənin müxtəlif regionlarının tarixi və mədəni potensialının araşdırılması, elmi biliklərin regionlar üzrə yayılması və milli-mədəni irsin qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Kafedra gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi və yeni elmi təşəbbüslərlə çıxış etməyi planlaşdırır.
İctimaiyyətlə əlaqələr şöbəsi
