NEWS
Sosial işin təşkili kafedrasının müəllimi Şimali Makedoniyada keçirilən beynəlxalq tədbirdə çıxış edib
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova 25-26 sentyabr 2025-ci il tarixlərində Şimali Makedoniyanın Goce Delçev Universitetində keçirilən “Qlobal dünyada sosial dəyişikliklər” XII beynəlxalq elmi konfransında iştirak edib. Aynurə Rəşidova tədbirdə Avropa Elm İnstitutunun (European Scientific Institution - ESI) “Sosial və humanitar elmlər” mövzusunda post-doktorluq proqramı çərçivəsində “Qadın sahibkarlığının inkişafı və sosial-iqtisadi maneələr” mövzusunda keçirilən tədqiqatın ilkin nəticələrini təqdim edib.
Məruzədə tədqiqatın metodologiyası, əhatə dairəsi və tətbiq edilən tədqiqat metodlarına dair geniş məlumat verilib. Albaniya, Polşa, Makedoniya və digər ölkələri təmsil edən tədqiqatçı - alimlərlə mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparılıb. Növbəti fəaliyyət olaraq əldə olunan sorğu nəticələrinin müqayisəli təhlilini aparmaq və tədqiqatın nəticələrinin nüfuzlu elmi jurnalda dərc olunması razılaşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi