NEWS
Sosial iş tələbələri 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində olublar
Azərbaycan Universitetinin Sosial işin təşkili və Xarici dillər kafedraları tərəfindən Sosial iş ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin 3 saylı Uşaq Evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüşü təşkil olunub.
Görüşdə tələbələr uşaqlarla müxtəlif oyunlar oynayıb, birlikdə məşğələlər yerinə yetirib, maraqlı vaxt keçiriblər. Tədbir zamanı interaktiv təlimlər, yaradıcılıq fəaliyyətləri və əyləncəli oyunlar təşkil olunub. Rəsm çəkmə, əqli inkişafı stimullaşdıran oyunlar və komanda işini gücləndirən tapşırıqlar da bu fəaliyyətlər arasında yer alıb.
Tələbələr sosial xidmət sahəsində çalışan mütəxəssislərlə də görüşərək, uşaqlara yanaşma metodları və onların psixoloji ehtiyacları barədə ətraflı məlumat əldə ediblər. Səfər zamanı əldə edilən məlumatlar tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsində mühüm rol oynayıb.
Qeyd edək ki, bu cür tədbirlər sosial iş ixtisası üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, sahəyə dair təcrübələrinin artırılması və gələcəkdə ixtisaslarına uyğun praktik biliklər qazanmalarına şərait yaradır.
İctimaiyyətlə əlaqələr şöbəsi