NEWS

İstehsalat təcrübəsində olan tələbələr üçün “Keys menecment” mövzusunda təlim təşkil olunub

İstehsalat təcrübəsində olan tələbələr üçün “Keys menecment” mövzusunda təlim təşkil olunub

24 april 2025

Baxış sayı: 113

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübəsi çərçivəsində növbəti təlim proqramı keçirilib.  “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən təşkil olunan proqram “Keys menecment və alətləri” mövzusuna həsr olunub. Proqram, sosial xidmətlərin keyfiyyətinin artırılması ilə yanaşı gənc mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib.

Təlimin əvvəlində proqramın rəhbəri və əsas məruzəçisi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədr müavini Sənan Ağayev açılış nitqi ilə çıxış edib, təcrübəçi tələbələrlə sosial xidmət sahəsində müasir idarəetmə yanaşmalarından biri olan “Keys menecment” modeli haqqında fikir mübadiləsi aparıb. Sənan Ağayev modelin nəzəri əsaslarını, praktik tətbiq mexanizmlərini və benifisiar yönümlü xidmətlərin təşkili baxımından əhəmiyyətini ətraflı şəkildə izah edib. Məruzəçi eyni zamanda, bu yanaşmanın benifisiarın ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi, sosial iş prosesinin strukturlaşdırılması və nəticəyönümlü fəaliyyətin qurulmasında oynadığı funksional rola xüsusi diqqət çəkib.

Ardınca Azərbaycan Universitetinin nümayəndəsi və təcrübə proqramının məsul rəhbəri Ülviyyə Mirzəyeva çıxış edərək, tələbələrin təşkilatın gündəlik fəaliyyəti ilə yaxından tanış olmasını, sosial xidmət sahəsində real iş mühitində praktik bacarıqlar qazanmasını və nəzəri biliklərin praktikaya uğurla inteqrasiya edilməsini yüksək qiymətləndirib. O, bu kimi təlimlərin tələbələrin gələcək peşəkar inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların sahəyə daha hazırlıqlı və məqsədyönlü şəkildə daxil olmasına töhfə verdiyini bildirib.

Qeyd edək ki, təlim iştirakçılara nəzəri biliklərini praktiki keys nümunələri üzərində tətbiq etməyə geniş imkan yaradıb. Müxtəlif sosial situasiyaların təhlili əsasında aparılan birgə müzakirələr zamanı tələbələr real vəziyyətlərdə qərar qəbuletmə bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Gənc sosial işçilərin həm nəzəri, həm də praktik kompetensiyalarının inkişafı baxımından əhəmiyyətli bir addım kimi dəyərləndirilən təlim, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Təlimin yekununda iştirakçılarla açıq diskussiya sessiyası təşkil olunub, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS