NEWS

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Tədbirdə cari tədris ili ərzində təşkilatın gördüyü işlərin hesabatı təqdim olunub, tələbələrin asudə vaxtlarının təşkili məqsədilə həyata keçirilən layihələrə nəzər salınıb.  

Tədbirdə TGT sədri Hüseyn Rüstəmli hesabat məruzəsi ilə çıxış edib. Məruzədə təşkilatın fəaliyyətində tətbiq olunan yeniliklər icra olunan layihələr, mədəni tədbirlər, aksiyalar haqqında faktlar və rəqəmlər əsasında məlumat verilib, tələbələrin ictimai fəallığının artırılması istiqamətində görülən işlərin uğurlu nəticələri diqqətə çatdırılıb.

Hesabat konfransında Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski də çıxış edərək təşkilatın birillik fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Kafedra müdiri çıxışında rəhbərlik etdiyi kafedranın hər zaman gənclərin innovativ təşəbbüslərini və innovativ ideyalarını böyük məmnuniyyətlə dəstəklədiyini xüsusi vurğulayıb.

Çıxışların ardından mükafatlandırma mərasimi olub. 2025/2026-cı tədris ili ərzində nümayiş etdirdiyi aktivlik və səmərəli fəaliyyətinə görə Humanitar və sosial elmlər fakültəsi Tələbə Gənclər Təşkilatı “İlin fakültəsi” adına layiq görülüb. Tələbələrin İT bacarıqlarının inkişafına və rəqəmsal savadlılığına dəstək olmaq məqsədilə uğurlu layihələr icra edən “İnformasiya texnologiyaları” klubu “İlin klubu” seçilib.

Tələbə Gənclər Təşkilatının fəaliyyətinə göstərdikləri dəstəyə, eyni zamanda gənclərlə qurulan sıx və səmərəli əməkdaşlığa görə təşkilat adından Siyasi və ictimai elmlər kafedrası ilə İctimaiyyətlə əlaqələr şöbəsinə xüsusi təşəkkürnamələr təqdim olunub.

Hesabat konfransı xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS