NEWS

Azərbaycan Universitetində “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Universitetində Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açaraq orqan donorluğunun və mövzu ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Mövzunun Azərbaycanda da aktual olduğunu diqqətə çatdırıb. 

Ardınca Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Azərbaycanda orqan transplantasiyasının tarixi, mərkəzin yaradılması, məqsədi, fəaliyyəti, ölkədə orqan donorluğunun mövcud vəziyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib. Yeganə Abbasova çıxışında bildirib ki, yalnız reanimasiya şöbəsində beyin ölümü diaqnozu qoyulmuş şəxslərin orqanları transplantasiya üçün yararlı sayılır. Hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına aparılır. O, orqan transplantasiyası ilə bağlı hüquqi bazadan da bəhs edib, həmçinin ölkədə aparılan transplantasiya əməliyyatları ilə bağlı statistikanı diqqətə çatdırıb. 

Daha sonra Mərkəzin koordinatoru, həkim Mehriban Əliyeva “Mən niyə donor olmaq istəyirəm?” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında orqan donorluğunun tibbi, hüquqi və mənəvi tərəfləri barədə məlumat verib.

Tədbirin interaktiv hissəsində tələbələrin sualları cavablandırılıb. Aktiv tələbələrə üzərində orqan donorluğu loqosu olan hədiyyələr paylanıb.

Sonda orqan donorluğuna dəstək olmaq istəyən universitet əməkdaşları və tələbələr ölümündən sonra donor olmaq haqqında Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

                 

OTHER NEWS