NEWS
Azərbaycan Universitetinin dosenti Almaniyada keçirilən beynəlxaq elmi konfransda çıxış edib
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının dosenti Vüsalə İsmayılova 13-17 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Münhen şəhərində keçirilən “Meetcon-Europe International Congress” beynəlxalq elmi konfransında “Ali təhsil ocaqlarında tələbələrdə analitik düşüncənin formalaşdırılması (Neyrobiologiya, sitologiya, histologiya tədrisi nümunəsində)” adlı məruzə ilə çıxış edib. Məruzədə təhsil prosesində fənlərin tədrisində analitik təfəkkürün inkişafının əhəmiyyəti ön plana çəkilir.
Vüsalə İsmayılova məruzəsində qeyd edib ki, ali məktəblərdə tədris olunan Sitologiya, Histologiya fənləri Sosial iş ixtisasının təhsil proqramında yer alan Neyrobiologiya fənni ilə sıx şəkildə əlaqəlidir. Aktiv öyrənmə metodları olan “Case-based learning”, “Flipped classroom”, virtual təcrübələr və reflektiv yazılar sitologiya, histologiya fənləri ilə yanaşı Neyrobiologiya fənninin tədrisində də uğurla tətbiq olunmaqdadır. Ali təhsil müəssisələrində tələbələrin analitik düşüncə və tədqiqat bacarıqlarını inkişaf etdirmək çox mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə sitologiya, histologiya və neyrobiologiya elmlərinin rolu artır. Prosesləri anlamaq və düzgün qiymətləndirmək tələbələrin peşə bacarıqlarını elmi əsaslarla möhkəmləndirməyə imkan yaradır.
Müasir təhsil modeli tələbədən sadəcə bilik deyil, düşünmə və təhliletmə qabiliyyəti tələb edir. Analitik düşüncə bu baxımdan həm bioloji, həm də sosial elmləri birləşdirən universal bacarıqdır.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi