XƏBƏRLƏR

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı professor Aydın Qasımov olub

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı professor Aydın Qasımov olub

03 noyabr 2017

Baxış sayı: 9466

Azərbaycan Universitetinin ənənəvi fərdi inkişaf mühazirələrinin növbəti qonağı hüquq elmləri doktoru, professor Aydın Qasımov olub. "Cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslərin reabilitasiyası və reintegrasiyası" başlıqlı tarixi məlumatlarla zəngin olan mühazirədə natiq cəza növü kimi təyin olunan ölüm hökmünün tarixi və geniş yayılmış növləri, dünyada ölüm hökmünün tətbiqinin hazırki vəziyyətu, cinayətkarlığın dinamikasının azaldılması, dünyada və o cümlədən ölkəmizdə ölüm hökmünün ləğv olunması, cəza siyasətinin humanistləşdirilməsi və dünyada mövcud olan mütərəqqi təcrübələr haqqında, o cümlədən probasiya xidmətinin yaradılması haqqında məlumat verib. Natiq ümummilli lider Heydər Əliyevin “Məhkum cəmiyyətə mənəvi və fiziki sağlam qayıtmalıdır” şüarını xatırladaraq bu sahədə görülməli olan işlərdən də danışıb.

İştirakçılar Aydın Qasımovun Azərbaycanın görkəmli şairi, repressiya qurbanlarından  Mikayıl Müşfiqin Nargin adasında güllələnməsi ilə bağlı tarixi faktları və onun bu sahədə apardığı tədqiqatları böyük maraqla dinləyiblər. Aydın Qasımov keçən əsrin 20-30-cu illərində Azərbaycanda ictimai-siyasi vəziyyət, sovet sisteminin qurduğu donos-həbs-istintaq-hökm-icra-sistemi, sovet repressiya aparatının tətbiq etdiyi cəzalar, güllələnmələr və kütləvi dəfn yerləri haqqında da danışıb, bu dövrün ən böyük kütləvi dəfn yeri olan  Pirəkəşkül yaylasında məhdud sahədə bir neçə dəfn yerinin aşkara çıxarıldığını bildirib. Pirəkəşkül axtarışlarında birbaşa özü iştirak edən Aydın Qasımov həmin ərazidə daha böyük miqyasda axtarış aparılmasının əhəmiyyətinə və Sovet dövlət terrorunun qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məsələsinə də toxunub.

Aydın Qasımov müəllifi olduğu kitablar haqqında da məlumat verib və 15-ə yaxın kitabını universitetin kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.11.2017


DİGƏR XƏBƏRLƏR