Maliyyə ixtisası pul vəsaitlərinin idarə olunması, investisiya qərarlarının qəbulu və maliyyə risklərinin qiymətləndirilməsi sahəsində mütəxəssislər hazırlayır.
Bu ixtisası seçmək istəyən abituriyentlərdə riyazi və analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və rəqəmlərlə işləməyə marağın olması üstünlükdür.
Maliyyə ixtisasına qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.
Təhsil
Bu ixtisas tələbələrə maliyyə əməliyyatlarını həyata keçirmək üçün lazım olan nəzəri və təcrübi bilik və bacarıqları öyrədir. Tələbələr korporativ maliyyə, bank işi, investisiyalar, maliyyə bazarları, vergi sistemi, maliyyə təhlili, audit, sığorta və risklərin idarə edilməsi sahələrində bilik və bacarıqlar əldə edirlər.
Karyera imkanları
Məzunlar banklarda, investisiya və sığorta şirkətlərində, dövlət maliyyə qurumlarında, audit və konsaltinq şirkətlərində, beynəlxalq təşkilatlarda maliyyə mütəxəssisi, maliyyə analitiki, kredit mütəxəssisi, investisiya üzrə mütəxəssis və digər vəzifələrdə çalışa bilərlər.
İxtisasın gələcəyi
Qlobal maliyyə bazarlarının və rəqəmsal maliyyə texnologiyalarının inkişafı maliyyə sahəsində yeni fəaliyyət istiqamətlərinin formalaşmasına təsir göstərir və maliyyə ixtisasının geniş karyera perspektivləri yaradır.