UDİD Proqramı

Azərbaycan Universiteti

Universitet Daxili İki Diplom Proqramının Qaydaları

1. Ümumi müddəalar 

1.1.  Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq hazırlanmışdır və onları özündə rəhbər tutur.

1.2.  Bu Qaydaların əsas məqsədi Azərbaycan Universitetində Universitet Daxili İki Diplom (UDİD) proqramının müəyyənləşdirilməsi, müraciət, qəbul, təhsil alma şərtlərini müəyyən etməkdən ibarətdir.

1.3.  Proqramın məqsədi yüksək müvəffəqiyyətlə oxuyan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almasına şərait yaratmaq, onların peşəkar kimi yetişməsində və əmək bazarında layiqli yer tutmasına imkan yaratmaqdır.

2. UDİD proqramına qəbul

2.1.   Azərbaycan Universitetində hər hansı iki ixtisas üzrə Proqramın açılması üçün həmin ixtisasların tədris planlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70%-i ilə eynilik təşkil etməlidir. Proqramın tətbiq olunduğu ixtisasların siyahısı Universitetin Elmi Şurasında təsdiq olunur.

2.2.  UDİD Proqramı açılan ixtisaslar üzrə qəbul planı hər tədris ilinin başlanmasına bir ay qalmış elan edilir.

2.3.   Tələbə UDİD Proqramına qəbul üçün ikinci semestrin sonunda müraciət etməlidir.

2.4.   Proqramın başlamasına qədər təhsil müddətində öz təhsil aldığı ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85 - 100 bal arasında olan tələbələr Proqrama müraciət edə bilərlər.

2.5.   Semestrin başlamasına üç həftə qalanadək Proqrama qəbul üçün edilən müraciətlər Komissiya tərəfindən dəyərləndirilir və qəbul olan tələbələrin siyahısı Rektorun əmri ilə təsdiq edilir.

3. Proqramın tətbiqi

3.1.  UDİD Proqramına qəbul edilən tələbələr üçün ixtisasların təhsil standartları, tədris planları, tədrisi nəzərdə tutulan fənlərin sillabusları dəyərləndirilərək xüsusi tədris qrafikləri hazırlanır. Bu tədris planlarında tələbənin hər iki ixtisasda dinləməsi tələb olunan bütün fənlər qeyd olunur. Proqrama qoşulan tələbənin bir semestr üzrə dinlədiyi fənlərin kreditlərinin cəmi 40-dan çox olmamalıdır.

3.2.  Proqramda təhsil alan tələbənin ikinci ixtisas üzrə dinlədiyi fənlər üzrə təhsil haqqının məbləği fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş məbləğ qədər müəyyənləşdirilir.

3.3.  Tələbələr ikinci ixtisas üzrə fənlərin kreditlərini yalnız Azərbaycan Universitetində toplamalıdır.

3.4.   UDİD Proqramında təhsil alan tələbələr üçün təqaüd və güzəştlər yalnız bir ixtisas üzrə tətbiq edilir.

3.5.  Proqramın tələbəsi seçmə fənlərdən yay semestrində iştirak edə bilər.

3.6.   Proqram üzrə tələbəyə ayrı transkript tərtib olunur. UDİD Proqramı üzrə nəticələr tələbənin birinci ixtisasdan məzun olmasına təsir etmir.

3.7.   Əsas ixtisas proqramı üzrə məzun olan və UDİD Proqramı üzrə ümumi orta müvəffəqiyyət göstəricisi 81 və daha çox bal ilə tamamlayan tələbəyə həmçinin UDİD Proqramı üzrə də bakalavr diplomu verilir.

3.8.  Əsas ixtisas proqramı üzrə məzun ola bilməyən tələbə UDİD Proqramı üzrə məzun ola bilməz.

3.9.   UDİD Proqramında iki ixtisas üzrə təcrübələr eyni olduğu hallarda hər iki ixtisas üzrə birgə təcrübə təşkil edilir. Əsas ixtisas proqramından məzun olan, lakin UDİD Proqramı üzrə məzun ola bilməyən tələbələrə proqramı bitirmək üçün əlavə müddət verilə bilər.

3.10. Proqramın iştirakçısının hər iki ixtisas üzrə Yekun Dövlət Attestasiyasından keçməsi məcburidir. Tələbələr ikinci ixtisasın Yekun Dövlət Attestasiyasına yalnız birinci Yekun Dövlət Attestasiyasını müvəffəqiyyətlə keçdikdən sonra buraxılır.

3.11. Birinci ixtisasdan məzun olmaq şərtilə UDİD Proqramını tamamlayan tələbələrə ikinci ixtisas üzrə də diplom verilir.

3.12. Tələbə öz istəyi ilə Proqramdan çıxa bilər. Eyni zamanda təhsil müddətində tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin yalnız bir dəfə 71 bala qədər azalmasına icazə verilir. Bu hal ikinci dəfə təkrarlanarsa, tələbə UDİD Proqramından çıxarılır.

3.13. Bir semestr hər hansı səbəbdən UDİD Proqramı üzrə qeydiyyatdan keçməyən tələbə proqramdan çıxarılır.

3.14. UDİD Proqramından çıxarılan tələbə bu proqrama təkrar qəbul edilə bilməz.

4. Yekun müddəalar 

4.1.  Qaydaların tələblərinin pozulmasına görə bu işdə təmsil olunan bütün şəxslər eyni qaydada məsuliyyəti daşıyırlar.