XƏBƏRLƏR
Azərbaycan Universiteti “Beynəlxalq qadın araşdırmaları” konfransında təmsil olunub
Azərbaycan Universiteti Türkiyənin Elazığ şəhərində keçirilən “Beynəlxalq qadın araşdırmaları” konfransında (International Women's Studies Conference) təmsil olunub. Konfrans oktyabr ayının 16-dan 18-dək Fırat Universitetinin evsahibliyində, Çanakkale Onsekiz Mart Universiteti, Düzce Universiteti, Giresun Universiteti, Sakarya Universiteti, Sinop Universiteti, Süleyman Demirel Universiteti və Yalova Universiteti tərəfindən birgə təşkil olunub.
Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı beynəlxalq elmi tədbirdə “Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların gender təhlili və liderlik təcrübələri” (Gender Analysis and Leadership Experiences of Women in Executive Positions in The Workplace in Azerbaijan) adlı tədqiqat işinin nəticələrini təqdim edib.
Aygün Muradlı məruzəsində XXI əsrdə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunmasında əldə olunan nailiyyətlər haqqında məlumat verib. Məruzədə qeyd edilib ki, sosial, təhsil, mədəniyyət, iqtisadiyyat, elm və diplomatiya kimi bir çox sahədə kişi və qadınların bərabər təmsilçiliyinin təmin edilməsi Azərbaycanda dövlət siyasətinin əsas hədəflərindən biridir.
Çıxışda Azərbaycan Respublikasının gender sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə də diqqət çəkilib, qadın və kişi liderlik üslublarının müqayisəsi və təhlili aparılıb. Gender bərabərliyinin və liderlikdəki fərqliliklərin təşkilati mühitdə uğurlu nəticələr əldə etmək üçün necə birləşdirilə biləcəyi müzakirə edilib.
Aygün Muradlı çıxışında müvafiq statistik məlumatlar təqdim edərək, gender balansının təmin olunmasının iş mədəniyyətini müsbət yöndə dəyişdirə biləcəyini vurğulayıb. Bildirib ki, bu yanaşma, həm qadınların, həm də kişilərin potensialını tam şəkildə həyata keçirməyə imkan tanıyır, daha inkluziv və səmərəli liderlik sistemlərinin yaradılmasına xidmət edir.
Məruzədə elm və təhsil, səhiyyə, dövlət qulluqçuları, bank sektoru kimi qurumlarda çalışan işçilər və rəhbər vəzifələrdə olan qadın və kişilərin statistikası ilə yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyalar üzrə gender amili də təqdim edilib.
Mərkəzin direktoru Türkiyəyə səfəri çərçivəsində Fırat Universitetinin rektoru, professor Fahrettin Göktaş, həmçinin bir sıra struktur bölmə rəhbərləri ilə də görüşüb. Görüşlərdə əsasən Azərbaycan və Fırat universitetləri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, “Beynəlxalq qadın araşdırmaları” konfransının məqsədi gender bərabərliyi və qadın hüquqları sahəsində tədqiqatçılara platforma təqdim etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları gücləndirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi