XƏBƏRLƏR

Azərbaycan Universiteti Türkiyədə keçirilən Beynəlxalq İşçi Həftəsində təmsil olunur

Azərbaycan Universiteti Türkiyədə keçirilən Beynəlxalq İşçi Həftəsində təmsil olunur

16 oktyabr 2024

Baxış sayı: 600

Azərbaycan Universiteti Türkiyənin Kastamonu Universitetində “Erasmus+KA 171” layihəsi çərçivəsində keçirilən Beynəlxalq İşçi Həftəsi tədbirində təmsil olunur. Tədbirdə universitetin Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva iştirak edir. 

Kastamonu Universitetinin Erasmus+KA171 Koordinatorluğu tərəfindən təşkil olunan tədbirin məqsədi universitetlər arasında beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 

Beynəlxalq tədbirin açılış mərasimində Kastamonu Universitetinin prorektoru, professor Ömer Küçük və Beynəlxalq  əlaqələr şöbəsinin müdiri, dosent Mustafa Öztürk Akçaoğlunun çıxışları dinlənilib. Prorektor Ömer Küçük çıxışında Kastamonu Universitetinin beynəlxalq akademik əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb, tədbirin beynəlxalq əlaqələri və faydalı əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini qeyd edib. Mustafa Öztürkün Akçaoğlu isə iştirakçılara Kastamonu Universitetinin beynəlxalq əməkdaşlıqları və layihələri haqqında məlumat verib.  

Tədbirin ikinci hissəsində iştirakçı ali təhsil müəssisələri özünütanıtım məqsədilə təqdimat masaları qurublar. Evsahibi Kastamonu Universitetinin rektoru,  professor Ahmet Hamdi Topal təqdimat masalarını ziyarət edib, müxtəlif ölkələrdən gələn universitet nümayəndələri ilə görüşərək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparıb. 

Qeyd edək ki, Beynəlxalq İşçi Həftəsi tədbiri hazırda bölmələr üzrə davam edir. Oktyabrın 14-də başlayan tədbir oktyabrın 18-də yekunlaşacaq. 

“Erasmus+ KA171” layihəsi tələbə və işçi mübadiləsini dəstəkləyərək, tərəfdaş ölkələrdəki ali təhsil müəssisələri və təşkilatların əməkdaşlığına imkan yaradır . Layihə çərçivəsində tələbələr üçün təhsil və staj proqramları, işçi heyəti üçün isə öyrənmə və tədris mobilliyi kimi fəaliyyətlər nəzərdə tutulur. 

                                                                      İctimaiyyətlə əlaqələr şöbəsi

    


DİGƏR XƏBƏRLƏR