XƏBƏRLƏR
Azərbaycan Universitetində “ASAN müraciət” haqqında maarifləndirici infosessiya keçirilib
Azərbaycan Universitetində “ASAN müraciət” informasiya sistemi haqqında maarifləndirici infosessiya keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılan “ASAN müraciət” informasiya sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir. Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.
Tədbirdə “ASAN müraciət” ilə iş sektorunun əməkdaşları Vüsal Həsənov və Səidə Bayramova mobil tətbiqdən istifadə qaydaları haqqında məlumat verib, tələbələri mobil tətbiqdən aktiv istifadəyə dəvət ediblər. Onlar qeyd ediblər ki, bütün ölkə ərazisini əhatə edən sistemə ümumilikdə 100 qurumun inteqrasiyası həyata keçirilib. Bu günədək 80 mindən çox vətəndaş “ASAN müraciət” mobil tətbiqini yükləyib, sistemə 20 mindən çox müraciət daxil olub.
İctimaiyyətlə əlaqələr şöbəsi







