XƏBƏRLƏR

Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub

Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub

02 iyun 2026

Baxış sayı: 162

Azərbaycan Universiteti may ayında Maltanın Valletta şəhərində keçirilən 34-cü Avropa Sosial Xidmətlər Konfransında (European Social Services Conference – ESSC 2026) təmsil olunub. Sosial işin təşkili kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Nigar Şahhüseynbəyova beynəlxalq tədbirin müşayiətsiz miqrant uşaqlarla bağlı “Child-Centred Responses to the Needs of Unaccompanied Children” sessiyasında iştirak edib. Sessiyada uşaqların təhlükəsizliyi, təhsil və səhiyyə xidmətlərinə çıxış, psixososial dəstək, ailə birləşməsi və travma ilə işləmə metodları üzrə İspaniya və ABŞ təcrübələri təqdim olunub. Müzakirələr uşağın maraqlarını mərkəzə qoyan yanaşmaların sosial xidmətlərin effektivliyini artırdığını göstərib.

Avropa Sosial Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən konfrans sosial xidmətlər sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrini, alimləri, sosial iş mütəxəssislərini və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirib. Bu il “Sərhədləri aşaraq: Sosial xidmətlər sahəsində beynəlxalq təcrübələr” (Bridging Boundaries: International Insights into Social Services” mövzusuna həsr olunan tədbirdə sosial rifah sistemlərinin inkişafı, innovativ xidmət modelləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Konfrans çərçivəsində sosial bərabərsizlik və inklüzivlik, miqrant və müşayiətsiz uşaqlarla iş, yaşlılara və demensiya xəstələrinə sosial dəstək, sosial xidmətlərin rəqəmsallaşdırılması, restorativ ədalət, sosial inteqrasiya siyasətləri, gənclərin sosial inkluziyası və sübuta əsaslanan sosial xidmət yanaşmaları kimi aktual mövzular üzrə çoxsaylı sessiyalar təşkil edilib.

Tədbirin açılış və plenar sessiyalarında sosial xidmətlərin müasir dövrdə qarşılaşdığı əsas çağırışlar, sosial bərabərsizliyin aradan qaldırılması və inklüziv cəmiyyət quruculuğunda sosial xidmətlərin rolu diqqət mərkəzində olub. “From Inequality to Inclusion: Inspiring Change” adlı plenar sessiyada sosial və sağlamlıq bərabərsizliyinin azaldılması, erkən müdaxilə proqramlarının genişləndirilməsi və həssas qrupların xidmətlərə çıxış imkanlarının artırılmasının vacibliyi vurğulanıb.

Konfransın diqqətçəkən çıxışlarından biri sosial epidemiologiya və ictimai sağlamlıq sahəsində tanınmış alim, professor Sir Michael Marmot tərəfindən təqdim olunub. O, sağlamlığın yalnız tibbi xidmətlərdən deyil, həm də təhsil, məşğulluq, gəlir səviyyəsi və sosial mühit kimi amillərdən asılı olduğunu qeyd edərək, sosial ədalətin sağlam cəmiyyətin əsas təməli olduğunu vurğulayıb.

Konfrans çərçivəsində demensiya qayğısı sahəsində Malta təcrübəsi ilə də tanışlıq imkanı yaranıb. Təqdimatlarda evdə və icmada dəstək xidmətləri, baxıcılara təlim proqramları, yardım xətləri və ailələr üçün psixososial dəstək mexanizmləri barədə məlumat verilib.

Bundan əlavə, İtaliyanın Lazio regionunda həyata keçirilən ASTREA layihəsi çərçivəsində restorativ ədalət və icma əsaslı yanaşmalar, Almaniyada miqrantların sosial inteqrasiyası üzrə idarələrarası koordinasiya mexanizmləri, eləcə də Şimali Makedoniyada sosial xidmətlərin institusional modeldən icma əsaslı xidmətlərə transformasiyası üzrə uğurlu təcrübələr təqdim olunub.

Gənclərin sosial inkluziyası və NEET qrupuna aid gənclərlə işə həsr olunan sessiyalarda sosial təcridin çoxölçülü xarakter daşıdığı, sosial müəssisələrin məşğulluğun artırılmasında və inteqrasiyanın gücləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Konfrans müddətində müxtəlif ölkələrdən olan nümayəndələrlə keçirilən görüşlər nəticəsində beynəlxalq əməkdaşlıq, birgə tədqiqatların aparılması, tələbə və mütəxəssis mübadiləsi, eləcə də beynəlxalq layihələrdə iştirak imkanları müzakirə olunub.

ESSC 2026-da iştirak Azərbaycan Universitetinin sosial iş sahəsində beynəlxalq təcrübələrin öyrənilməsi, akademik əlaqələrin genişləndirilməsi və sosial xidmətlərin inkişafına dair qabaqcıl yanaşmaların mənimsənilməsi istiqamətində mühüm addım olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR