XƏBƏRLƏR
Azərbaycan Universiteti kitab sərgisində iştirakını davam etdirir
Azərbaycan Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən və həftə sonunda ziyarətçilərin böyük maraq göstərdiyi X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə (P1-408) iştirakını davam etdirir. Sərgi dahi Azərbaycan șairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub.
Azərbaycan Universitetinin stendində əsasən, universitetin nəşrləri, elmi jurnalları, yerli və beynəlxalq konfransların materialları, o cümlədən professor-müəllim heyətinin monoqrafiya, dərslik və dərs vəsaitləri nümayiş olunur. Stendin ziyarətçilərinə həm Azərbaycan Universiteti haqqında, həmdə universitetin nəşrləri haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, builki yubiley sərgisində 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Oktyabrın 2-də başlayan sərgi oktyabrın 8-də yekunlaşacaq.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıqdır. Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin edilir.
İctimaiyyətlə əlaqələr şöbəsi