XƏBƏRLƏR

Azərbaycan Universiteti turizm üzrə təhsil müəssisələrinin I görüşündə təmsil olunub

Azərbaycan Universiteti turizm üzrə təhsil müəssisələrinin I görüşündə təmsil olunub

24 aprel 2024

Baxış sayı: 151

Azərbaycan Universiteti Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin Bakıda keçirilən I görüşündə təmsil olunub. Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, kafedranın müəllimləri Qəhrəman Yusupov və Ziynət Mehdiyeva tədbirin panel müzakirələrində və dəyirmi masalarda iştirak ediblər. 

İkigünlük tədbir  Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.

Görüş çərçivəsində tədbirin birinci günündə “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin ikinci günündə isə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masa təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR