XƏBƏRLƏR

İKT tələbələrinin hazırladığı “TEC APP” mobil tətbiqinin təqdimatı təşkil olunub

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsində təhsil alan tələbələrin hazırladığı “TEC APP” mobil tətbiqinin təqdimatı keçirilib. Təqdimatda rektor Səadət Əliyeva, fakültənin dekanı Asif Paşayev, fakültənin akademik məsləhətçisi Elzadə Sadiqova, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev də iştirak edib. 

Tədbirdə əvvəlcə İKT fakültəsinin dekanı Asif Paşayev işçi qrupun tərkibində yer alan tələbələri təqdim edib və “TEC APP” mobil tətbiqi haqqında qısa məlumat verib. Dekan bildirib ki, bu mobil tətbiq həm Azərbaycan Universitetində, həm də ölkədə bu istiqamətdə yaradılan ilk tətbiqdir.

Ardınca Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Nadir Məmmədov “TEC APP” mobil tətbiqinin əsas məqsədi, interfeysi, funksional imkanları, istifadə qaydaları haqqında məlumat verib. Nadir Məmmədov qeyd edib ki, tətbiq Azərbaycan Universitetinin üç fakültəsinin tələbə elmi cəmiyyətlərinin koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanıb. Daha sonra İKT fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Sənan İsmayılov mobil tətbiqin real istifadəsini nümayiş etdirib. 

Mobil tətbiqdə hər fakültənin Tələbə Elmi Cəmiyyəti haqqında məlumatlar, iş planı, hesabat, üzv ol, elanlar və xəbərlər keçidləri və bölmələri yer alıb. Hər bölmə ayrılıqda nümayiş etdirilib, tətbiqin praktik imkanları müzakirə edilib. 

Tədbirdə İKT fakültəsinin dekanı Asif Paşayev fakültədə təhsil alan tələbələrin iştirak etdikləri Startap yarışları, “Enactus Azərbaycan” müsabiqəsinə təqdim etdikləri layihələr, eləcə də cari tədris ili ərzində iştirak etdikləri digər yarış və layihələr haqqında da məlumat təqdim edib. 

Rektor Səadət Əliyeva İKT tələbələrinin təşəbbüskarlığını və fəallığını yüksək qiymətləndirdiyini ifadə edib, mobil tətbiqin hazırlanmasında iştirak edən işçi qrupun üzvlərini təbrik edib. Rektor bildirib ki, istedadlı tələbələrin potensiallarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır, onların ideya və təşəbbüslərinin dəstəklənməsinə bundan sonra da davam ediləcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR