XƏBƏRLƏR

İqtisadiyyat və idarəetmə kafedrası təhsil proqramlarının müzakirəsini davam etdirir

İqtisadiyyat və idarəetmə kafedrası təhsil proqramlarının müzakirəsini davam etdirir

27 aprel 2026

Baxış sayı: 22

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının əməkdaşları iqtisad üzrə fəlsəfə doktoru Nahid Almasov, iqtisad üzrə fəlsəfə doktoru Elşən Orucov, kafedranın müəllimləri Əmirxan Paşayev və Emil Mirzəyev İqtisadiyyat və Menecment ixtisaslarının təhsil proqramlarının müzakirəsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olublar. Görüşdə mərkəzin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Orxan Sadıqov, həmin şöbənin müdir müavini iqtisad üzrə fəlsəfə doktoru Əbdülrəhim Dadaşov, Strateji planlama istiqaməti üzrə baş mütəxəssis Aygün Əhmədova və “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirak ediblər.

Müzakirələr zamanı əsas diqqət rəqəmsallaşma proseslərinin dərinləşməsi fonunda mövcud sahələrin inkişaf perspektivlərinə, xüsusilə təhsil proqramlarında süni intellekt əsaslı yanaşmaların tətbiqinə yönəldilib. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən süni intellekt sahəsinə göstərilən diqqət və bu istiqamətdə qəbul edilən dövlət proqramları, xüsusilə də “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı və digər normativ-hüquqi sənədlər ali təhsil sistemində müvafiq transformasiyanı zəruri edir.

Görüş çərçivəsində layihələrin idarə olunması, biznes layihələrinin menecmenti, əməliyyatların idarə edilməsi, eləcə də makro və mikro səviyyədə iqtisadi idarəetmə proseslərində süni intellekt texnologiyalarının tətbiq imkanları geniş şəkildə müzakirə olunub. Həmçinin, kiçik və orta biznes (KOB) subyektlərinin rəqəmsal transformasiyası, onların fəaliyyətində süni intellekt alətlərinin tətbiqi və rəqabət qabiliyyətinin artırılması məsələləri də diqqət mərkəzində olub. Eyni zamanda, dövlət və özəl qurumlarda süni intellekt bölmələrinin formalaşdırılması istiqamətində müşahidə olunan tendensiyalar da diqqətə çatdırılıb.

Sonda bildirilib ki, müasir çağırışlara uyğun olaraq İqtisadiyyat, Menecment, həmçinin kafedra tərəfindən tədrisi aparılan Marketinq və Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil proqramlarının təkmilləşdirilməsi məqsədilə rəqəmsallaşma və süni intellekt yönümlü fənlərin seçmə fənn bloklarına daxil edilməsi məqsədəuyğun hesab olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR