XƏBƏRLƏR

İqtisadiyyat və idarəetmə kafedrası “Yaşıl marketinq” mövzusunda elmi seminar keçirib

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının növbəti elmi seminarı keçirilib. Seminar “Yaşıl marketinq: reallıqlar və imkanlar” mövzusuna həsr olunub. Seminarı giriş sözü ilə kafedranın müdiri Tural Qocayev açaraq tədbirin gündəliyini təqdim edib. Kafedra müdiri diqqətə çatdırıb ki, ekoloji savadlılığın artması son illərdə “yaşıl marketinq”in tətbiqini aktuallaşdırır və bu da öz növbəsində şirkətlərin marka dəyərinin artmasına gətirib çıxarır. Seminarın məqsədi yaşıl marketinqin tətbiqinin aktual məsələlərinin müzakirəsini təşkil etmək, problemlərin həllinə dair ideya, fikir və tövsiyələri dinləməkdir. 

Ardınca kafedranın müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Turanə Əhmədovanın “Dayanıqlı inkişaf və yaşıl marketinq” mövzusunda məruzəsi dinlənilib. Kafedranın baş müəllimi Ruhəngiz Əliyeva “Yaşıl marketinq strategiyasının əsas istiqamətləri” mövzusunda çıxış edib. Kafedranın müəllimləri Həsən Rəhimlinin çıxışı “Davamlı inkişafın iqtisadi fəlsəfəsi: iqtisadi kiçilmə”, Elvin Kərimovun çıxışı isə “Yaşıl həllərin mənimsənilməsindəki əsas əngəllər” mövzusuna həsr olunub. 

Tədbirin ikinci hissəsində isə Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlərə həsr olunan məruzəsi dinlənilib. Məruzədə cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri diqqətə çatdırılıb, korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb. 

Elmi seminar sözügedən mövzular ətrafında müzakirələrlə davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR