XƏBƏRLƏR
Azərbaycan Universitetində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbir, Dövlət Himninin səsləndirilməsinin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınskinin açılış nitqi ilə başlayıb.
Kafedra müdiri çıxışında müstəqilliyin əvəzsiz nemət olduğunu qeyd edib, 1991-ci il oktyabr ayının 18-də Ali Sovetin növbədənkənar sessiyasında 4 gün davam edən gərgin müzakirələrin ardından Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsiylə Azərbaycan tarixində yeni dövrün başladığını diqqətə çatdırıb. Elvin Talışınski Azərbaycanın müstəqilliyinin bərpası, qorunub saxlanması və hazırkı mərhələyə çatdırılması istiqamətlərində görülən işlərdən danışıb.
Tədbir iştirakçıları daha sonra Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin “Dövlətçilik ənənəsinin bərpasına gedən yol” və kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin “XX əsrin 80-90-cı illərində Azərbaycanda milli azadlıq hərəkatı” mövzusunda məruzələrinə qulaq asıblar. Məruzələrdə Azərbaycanın dövlətçilik ənənələrinin qədim tarixə malik olduğu qeyd olunub, Azərbaycan xalqının milli-azadlıq hərəkatının mərhələlərinə nəzər salınıb. Vurğulanıb ki, müstəqilliyin əbədi, dönməz və sarsılmaz olması düşünən beyinlərin, ziyalı və savadlı gənclərin sayəsində mümkün olacaq.
İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev keçmiş Dağlıq Qarabağ münaqişəsinin milli şüurun oyanması və milli özünüdərkin güclənməsində oynadığı roldan bəhs edib, tədbir iştirakçılarını tarixi gün münasibətilə təbrik edib.
İctimaiyyətlə əlaqələr şöbəsi