XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşlarının iştirakı ilə Riyaziyyat İnstitutunda iki seminar keçirilib
Azərbaycan Universitetinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda iki seminar keçirilib. Birinci seminarda Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev “Birinci tərtib xətti stoxastik hiperbolik tənliklər sisteminin həllinin göstərilişi və həmin tip qeyri xətti tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə birinci tərtib xətti stoxastik hiperbolik tənliklər sisteminin həllinin göstərilişi inteqral formada tapılır. Təsadüfi küyün təsiri altında bir sıra kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi zamanı yaranan birinci tərtib stoxastik hiperbolik tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılır. Pontryagin maksimum prinsipi mənasında məxsusi idarələrin optimal olması araşdırılır və məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınır.
İnstitutun “Diferensial tənliklər” laboratoriyasının seminarında isə Azərbaycan Universitetinin İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin dekanı, dissertant Asif Paşayev “Qeyri - xətti psevdohiperbolik tənliklər sisteminin qlobal həllərinin mövcudluğu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qalyorkin metodunun köməyi ilə əvvəlcə lokal həllin, sonra da qlobal həllin Banax qiymətli funksiyalar fəzasında varlığı və yeganəliyi məsələsinə baxılıb. Kiçik başlanğıc şərtlər üçün yarım-xətti sisteminin həllinin varlığı müzakirə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
