XƏBƏRLƏR

Azərbaycan Universitetində “Uşaq hüquqları aylığı” çərçivəsində seminar keçirilib

Azərbaycan Universitetində “Uşaq hüquqları aylığı” çərçivəsində seminar keçirilib

30 oktyabr 2026

Baxış sayı: 16

Azərbaycan Universitetində “Uşaq hüquqları aylığı” çərçivəsində qaçqın və məcburi köçkün uşaqlara psixoloji dəstək və reabilitasiya yanaşmalarına həsr olunmuş seminar keçirilib. Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi seminarda uşaq, yetkin və cütlük terapevti, psixoloq Elşan Erdoğan tələbələr qarşısında çıxış edib. Tədbirin məqsədi sosial iş mütəxəssislərinin həssas vəziyyətdə olan uşaqlarla iş, onların hüquqlarının müdafiəsi, travmatik təcrübələrin mənfi təsirlərinin azaldılması və sosial rifahlarının dəstəklənməsi sahəsində nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirməkdir.

Qonaq çıxışında uşaqların hüquqlarının qorunmasının, onların psixoloji sağlamlığının dəstəklənməsinin və sosial rifahının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının (BMT) “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində bir sıra öhdəliklər götürdüyünü diqqətə çatdırıb.  

Seminarda travmatik təcrübələr yaşamış uşaqların psixososial ehtiyaclarının müəyyənləşdirilməsi, onlara uyğun psixoloji dəstəyin göstərilməsi və reabilitasiya prosesinin təşkili məsələləri diqqət mərkəzində olub. Münaqişə, məcburi köçkünlük və digər travmatik hadisələrin uşaqların psixoloji vəziyyətinə, emosional inkişafına və sosial münasibətlərinə təsiri ətrafında müzakirələr aparılıb. 

Müzakirələrdə uşaqların təhlükəsiz mühitdə yaşamaq, zorakılıqdan qorunmaq, psixoloji rifahlarının təmin olunması və zəruri dəstək xidmətlərindən yararlanmaq hüquqlarının qorunmasının vacibliyi vurğulanıb. Uşaqlarla iş prosesində fərdi yanaşmanın, ailənin dəstəyinin və müxtəlif sahələr üzrə mütəxəssislər arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müraciəti ilə oktyabrın 20-dən noyabrın 20-dək ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR