XƏBƏRLƏR
Sosial işin təşkili kafedrasının nəzdində yeni tələbə klubu fəaliyyətə başlayıb
Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının nəzdində yeni təsis olunan “Sossfera” tələbə klubunun təqdimat mərasimi keçirilib. “Bir gülüş, bir ümid” adlı tədbir çərçivəsində klubun əsas məqsədi, yaradılma prosesi və gələcək fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin açılışında klubun idarə heyətinin üzvləri təqdim edilib. Klubun sədri Cansu Nəzərova, sədr müavini Fuad Cabbarzadə, layihə menecerləri Səbinə Manafova və Mehriban İbrahimli, sosial tərəfdaşlıq menecerləri Zərifə Manafova və Fidan Novruzova, SMM üzrə məsul şəxslər Nərmin İsmayıl və Saran İbrahimova, tələbələrlə iş departamentinin menecerləri Zeynəb Urfiyeva Zeynəb, Məmmədova Xuma və Səlimova Nigar iştirakçılara tanıdılıb.
“Sossfera”nın ideya müəllifi və təsisçisi, Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazov və kafedra müdiri Nigar Şahhüseynbəyova çıxış edərək klubun yaranma zərurəti, formalaşma prosesi və tələbələrin bu təşəbbüsdə fəal iştirakı barədə ətraflı məlumat veriblər. Çıxışlarda klubun sosial sahədə yaradacağı töhfələr, tələbələrin bu platforma vasitəsilə inkişaf imkanları və qarşıya qoyulan məqsədlərə diqqət çəkilib.
Tədbirin növbəti hissəsində əlilliyi olan uşaqlarla reabilitasiya sahəsində və “Məktəblinin dostu” layihəsində təcrübəli mütəxəssis, sosial işçi Əminə Məmmədova “Sosial iş nədir?”, “Sosial işçinin hüquq və vəzifələri” mövzularında interaktiv diskussiya aparıb. O, sosial işin cəmiyyət üçün əhəmiyyəti, bu sahədə peşəkarlığın vacibliyi və sosial iş təcrübəsində peşəkar standartlar haqqında tələbələrlə fikir mübadiləsi aparıb.
Daha sonra Türkiyənin “Evimdeki Psikolog” platformasının mütəxəssisi, uzman psixoloq-psixoterapevt Səbinə Bayramova “Sosial işdə psixoloji xidmətin rolu” mövzusunda təqdimatla çıxış edib. O, psixologiya və sosial iş arasında qarşılıqlı əlaqələr, hər iki sahənin cəmiyyətdəki rolu və bu peşələrə aid funksiyalar barədə məlumat verib.
Qeyd edək ki, klubun əsas məqsədi Azərbaycan Universitetində və Azərbaycanda “Sosial iş” ixtisasının tanıdılması, öyrənilməsi, gənc nəslin bu sahəyə marağının artırılması, sosial iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi, yerli və xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və onlarla əməkdaşlıq etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi