XƏBƏRLƏR

Azərbaycan Universitetində “Xarıbülbül qoxusu” adlı tədbir keçirilib

Azərbaycan Universitetində “Xarıbülbül qoxusu” adlı tədbir keçirilib

06 noyabr 2025

Baxış sayı: 173

Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül qoxusu” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Sosial işin təşkili kafedrasının müəllimi, “Sossfera” Sosial İnkişaf Klubunun təsisçisi Ayxan Şahbazsoy, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon nümayəndəsi, polkovnik Habil Məmmədrzayev, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musəvi çıxış ediblər. 

Çıxışlarda Vətən müharibəsində qazanılmış Zəfərin mənəvi dəyəri vurğulanıb. Qeyd olunub ki, Azərbaycan xalqı artıq 5 ildir ki, 8 Noyabr – Zəfər Gününü həmrəyliyin, qəhrəmanlığın və əzmin simvolu kimi böyük qürur və iftixar hissi ilə qeyd edir. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsidir, milli birlik, ordunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və hərbi sərkərdəlik bacarığı sayəsində tarixi ədalət bərpa olunub. Bildirilib ki, Vətənə xidmət yalnız silahla deyil, bilik, elm və zəhmət vasitəsilə də mümkündür. Gənclər Vətənə elm və biliklə xidmət etmək kimi ali məqsədi özlərinə hədəf seçməlidirlər. 

Tədbirdə Azərbaycan Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında bədii kompozisiya, musiqi nömrələri, şeirlər təqdim olunub. 

Tədbir Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR