XƏBƏRLƏR

Azərbaycan Universitetində aprel şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Universitetində aprel şəhidlərinin xatirəsi anılıb

07 aprel 2017

Baxış sayı: 6518

Azərbaycan Universitetində Aprel qələbələrinin ildönümü  münasibəti ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirilib. Azərbaycan Universitetinin şəhid məzunu Fəxrəddin Qurbanlı və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə universitet rəhbəriyi, müəllim – tələbə kollektivi, şəhidin ailə üzvləri və qonaqlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Aprel şəhidlərinin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sukutla yad olunub.

Tədbiri giriş sözü ilə Universitetin rektoru Səadət Əliyeva açıb. Rektor çıxışında aprel döyüşlərinin xronikası və Azərbaycan ordusunun qələbələri haqqında məlumat verib. Səadət Əliyeva qeyd edib ki, Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağının, torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyinin, daim döyüşə hazır olduğunun sübutu olan Aprel qələbələri ordu-xalq birliyini bir daha bariz şəkildə  nümayiş etdirib.

Rektor bildirib ki, şəhid Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin Sosial iş fakültəsini 2015-ci ildə üçüncülüklə bitirib. İctimai fəal, nümunəvi və əlaçı tələbə olub, müəllimlərinin və qrup yoldaşlarının dərin hörmətini qazanıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi şəhidini xatirəsini daim uca tutur.

Səadət Əliyeva tədbir iştirakçılarına Azərbaycan Universiteti tərəfindən təsis edilmiş “Fəxrədddin Qurbanlı adına təqaüd” və “Fəxrəddin  Qurbanlı adına futbol turniri” haqqında da məlumat verib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Həbib Məmmədov çıxışında Azərbaycan ordusunun aprel döyüşlərində əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olduğunu diqqətə çatdırıb: “İşğaldan azad edilmiş ərazilər və strateji mövqelər təmas xəttində mövcud vəziyyətə tam nəzarət etməyə imkan verir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi İsaxan Vəliyev çıxışında hər bir şəhid valideyni qarşısında baş əydiyini deyib və iştirakçılara çapdan yeni çıxmış “Qalibiyyət – şahidlər və şəhidlər” kitabı haqqında məlumat verib. İsaxan Vəliyev  qeyd edib ki, kitab jurnalist Aida Eyvazlı tərəfindən aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılıb və hazırda ikinci cild üzərində iş gedir.  

“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev Aprel döyüşlərində Azərbaycanın münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoyduğunu və cəmiyyətdə döyüş ruhu və qələbə əzmi yarandığını diqqətə çatdırıb.

Sonda şəhidin atası Seyfəddin Qurbanlı çıxıb edərək bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin və ordusunun gücünü bütün dünyaya nümayiş etdirən qələbədir.   

Anım tədbirinin ən diqqət çəkici məqamı şəhidin ailə üzvlərinin akt zalına daxil olması  və Seyfəddin Qurbanlının çıxışı zamanı tədbir iştirakçılarının ayağa qalxması olub.

Rektor Səadət Əliyeva tədbir başa çatandan sonra şəhidin ailə üzvlərini qəbul edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.04.2017

DİGƏR XƏBƏRLƏR