XƏBƏRLƏR

“Heydər Əliyev irsi” mövzusunda ən yaxşı təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev irsi” mövzusunda ən yaxşı təqdimat  müsabiqəsinin qalibləri mükafatlandırılıb

10 may 2023

Baxış sayı: 1155

Azərbaycan Universitetinin tələbələri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi” mövzusunda ən yaxşı təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən iştirakçının təqdimat mövzusu haqqında dolğun məlumata sahib olması, nitqinin səlisliyi, lüğət ehtiyatının zənginliyi, yaradıcılıq səviyyəsi meyarları əsasında dəyərləndirilib. 

Müsabiqənin nəticələrinə əsasən I yerə Məmmədova Nuranə Asim qızı (Humanitar fənlər fakültəsi, Dövlət və İctimai münasibətlər, I kurs), II yerə Qurbanova Minayə Elşən qızı (Humanitar fənlər fakültəsi, Təhsildə sosial-psixoloji xidmət, II kurs), III yerə Qəribov Şəhriyar Azad oğlu (Biznes və iqtisadiyyat fakultəsi, Beynəlxalq ticarət və logistika, I kurs) layiq görülüb. Qaliblərə və iştirakçılara hədiyyələri və sertifikatları elmi işlər üzrə prorektor Yusif Qasımov və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təqdim edib.

Müsabiqənin keçirilməsində məqsəd ümummilli liderin zəngin və çoxşaxəli həyat və fəaliyyətinin tələbələr tərəfindən öyrənilməsi, tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, ədəbi dil normalarına riayət etmək vərdişlərini və təqdimat bacarıqlarını inkişaf etdirməkdir. 

Qeyd edək ki, müsabiqə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR