XƏBƏRLƏR
Azərbaycan Universitetinin tələbələri “Kiber Yay Məktəbi”ndə iştirak ediblər
Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbələri Nihat Cavadov, Əkbər Mikayıllı və Vurğun Seyidov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA ) təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində keçirilən “Kiber Yay Məktəbi 2025”də iştirak ediblər.
Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real senariyə əsaslanan kiber-yarış təşkil olunub. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılıb və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli senarilər üzərində çalışıblar. Yay məktəbi zamanı Kiber Təhsil Forumu, AKTA ekspertlərin açıq havada “meet-up” tədbiri, Kiber diaspora üzvlərinin master klasları kimi yan tədbirlər də keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan kiber klublarının üzvləridir.
İctimaiyyətlə əlaqələr şöbəsi