XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrasının nümayəndə heyəti AMEA-da görüşlər keçirib

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nümayəndə heyəti Tarix (bakalavriat və magistratura) və Muzey, arxiv işi və abidələrin qorunması (bakalavriat) ixtisasları üzrə təhsil proqramlarının məzmununa dair Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra görüşlər keçirib.

Bu çərçivədə kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, tarix elmləri doktoru, professor Qabil Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi və Bülbülün Memorial Muzeyində olublar.

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda təşkil olunan  görüşdə institutun direktoru, professor Kərim Şükürov ali təhsildə humanitar ixtisasların, xüsusilə də tarix sahəsinin əmək bazarına uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, tarixçi yalnız muzey və arxiv sahəsində deyil, həm də cəmiyyətin tarixi yaddaşının formalaşdırılmasında mühüm rol oynayır. Təhsil proqramlarında bu yanaşma əsas götürülməlidir. İnstitutun digər struktur rəhbərləri də mövcud təhsil proqramlarına öz münasibətlərini bildirib, konkret təkliflərlə çıxış ediblər.

Arxeologiya və Antropologiya İnstitutunda keçirilən görüşdə elmi katib, dosent Ellada Bəkirova ixtisas proqramlarında tədqiqat metodlarının və sahə təcrübəsinin yer almasının gənc mütəxəssislərin hərtərəfli formalaşmasında mühüm rol oynadığını bildirib.

Kafedranın nümayəndə heyəti daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, dosent Fərhad Cabbarov və Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova ilə fikir mübadiləsi aparıb. Muzey əməkdaşları təhsil proqramları və tədris planları ilə yaxından tanış olaraq, gənc mütəxəssislərin yetişməsi, peşəkar kadr hazırlığına dair tövsiyələrini bildiriblər. Onların fikrincə, universitetlə muzeylər arasında qurulacaq səmərəli əməkdaşlıq həm tədris prosesinə, həm də muzeyşünaslıq sahəsinin inkişafına müsbət təsir göstərəcək.

Görüşlərin yekununda səsləndirilən təklif və tövsiyələrin sistemləşdirilərək gələcəkdə yenilənəcək təhsil proqramlarında nəzərə alınması razılaşdırılıb.

Qeyd edək ki, görüşlərin əsas məqsədi təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməsini təmin edən tədris mühitinin yaradılması, eyni zamanda universitetlə elmi-tədqiqat və mədəniyyət müəssisələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR