XƏBƏRLƏR

Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb

Azərbaycan Universitetinin komandası  ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb

31 oktyabr 2025

Baxış sayı: 168

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Nihat Əliyev, Ülvi Sadıqzadə və Cəsur İsmayılovdan ibarət komandası “50-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin (ICPC) Azərbaycan üzrə regional mərhələsinə vəsiqə qazanıb. Fakültənin dekanı Asif Paşayev ilə Riyaziyyat və informatika kafedrasının müəllimi Əli Qurbanovun rəhbərlik etdiyi komanda təsnifat mərhələsində əldə etdiyi nəticəyə uyğun olaraq 3-cü dərəcəli diplomla təltif olunub. 

ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən təsnifat mərhələsində Azərbaycanın 22 ali təhsil müəssisəsindən 157 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.

“50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsi 15 noyabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində keçiriləcək. Bu mərhələdə 63 komanda iştirak edəcək. Regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönələn ICPC ötən əsrin 70-ci illərində ABŞ-də başlayıb, 1977-ci ildən beynəlxalq miqyasda keçirilir. Universitetlər ilə sənaye arasında qlobal körpü rolunu oynayan müsabiqənin finalı 2025-ci ilin yayında ilk dəfə Bakıda keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR