XƏBƏRLƏR

İKT fakültəsinin tələbələri hazırladıqları layihələri nümayiş etdiriblər

İKT fakültəsinin tələbələri hazırladıqları layihələri nümayiş etdiriblər

16 dekabr 2025

Baxış sayı: 551

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsində təhsil alan tələbələr hazırladıqları layihələri nümayiş etdiriblər. Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, İKT fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev, kafedranın müəllim heyəti və tələbələr iştirak ediblər. 

Tədbiri giriş sözü ilə fakültənin dekanı Asif Paşayev açaraq tədbirin gündəliyini təqdim edib. Dekan tələbələrin dərs prosesində əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə zənginləşdirdiklərini qeyd edib, öz potensiallarını real layihə və məhsullar ortaya qoyaraq nümayiş etdirmələrinin qürurverici olduğunu bildirib. Asif Paşayev bildirib ki, fakültədə dərslərin layihə əsaslı öyrənmə mühitində təşkilinə xüsusi diqqət yetirilir.

Tədbirdə ilk olaraq İnformasiya təhlükəsizliyi ixtisasının 4-cü kurs tələbəsi, eyni zamanda İKT fakültəsinin payız semestri üzrə “Ulduz tələbə”si Yunis Bədəlov, qrup yoldaşları Nihat Əliyev və  Fərid Axundov “Codcoders” adlı layihələrini təqdim ediblər. Layihə tələbələrə təhsil aldıqları müddətdə yeni məzmunda dərs materiallarının təqdim edilməsi, təcrübə keçmələri və iş dünyasına hazırlanmaları üçün vahid platforma təqdim etməyi hədəfləyir. Tədbir iştirakçılarına layihənin funksionallığı barədə ətraflı məlumat verib və auditoriyanın sualları cavablandırılıb. 

Ardınca İKT fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə 4-cü kurs tələbəsi Murad Mirzəyev yaratdığı oyun proqramı haqqında təqdimatla çıxış edib. Təqdimatda oyun ideyasının ortaya çıxması və formalaşması, oyunun strategiyası, personajları və texniki xüsusiyyətləri barədə geniş məlumat verən tələbənin çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub. Oyun prosesinin məntiqi ardıcıllığı, tələbənin təqdimat zamanı nümayiş etdirdiyi vizual materiallar və prototip təqdimatı layihənin peşəkarlıq səviyyəsini ortaya qoyub.

Sonra AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend Tələbə” nominasiyasının İKT fakültəsi üzrə qalibləri Abdulvahab Poladzadə və Ülvi Sadıqzadə öz uğur hekayələrini bölüşüb, 1-ci və 2-ci kurs tələbələrinə tövsiyələrini veriblər. Abdulvahab Poladzadə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçdiyi təlimlər və aldığı beynəlxalq sertifikatlar haqqında məlumat verib. Ülvi Sadıqzadə isə Azərbaycan Universitetini Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi ICPC-də təmsil edən  komandanın üzvü olaraq yarışda iştirakı və bu prosesdə qazandığı  təcrübə haqqında danışıb. 

Daha sonra fakültənin 1-ci kurs tələbələri Cəsur İsmayılov, Nuray Əkbərova və İbrahim İmanzadə ICPC yarışlarında iştirakları barədə çıxış ediblər. Tələbələr qeyd ediblər ki, ilk dəfədir ki, beynəlxalq proqramlaşdırma yarışında iştirak edirlər. Bu, növbəti müsabiqələrdə daha fəal iştirak etmələri üçün güclü motivasiya olub. Müsabiqənin gərgin və sürətli problem həll etmə mühiti onlara böyük təcrübə qazandırıb, gələcəkdə daha yüksək nəticələr əldə etmək üçün hazırlıq prosesini intensivləşdirməyi planlaşdırırlar. 

Tədbirin növbəti hissəsində Abdulvahab Poladzadəyə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sertifikatı, həmçinin Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi ICPC-nin 1/8 və 1/4 final mərhələlərində iştirak edən komanda üzvlərinə beynəlxalq sertifikatları təqdim olunub. ICPC müsabiqəsinin təşkilat komitəsi tərəfindən “AU-1” komandasının üzvləri  - Ülvi Sadıqzadə, Nihat Əliyev və Cəsur İsmayılov hər iki mərhələdə göstərdikləri nəticəyə görə 3-cü dərəcəli sertifikatlarla təltif olunublar. 

Təltifetmə mərasiminin ardından rektor Səadət Əliyeva çıxış edərək qeyd edib ki, informasiya texnologiyaları sahəsində yaradıcı düşüncə əsas inkişaf meyarlarından biridir. Tələbələrin təqdim etdikləri layihələr göstərir ki, onlar dərslərdə əldə etdikləri nəzəri bilikləri praktikaya tətbiq etməyi bacarırlar. Universitet hər zaman tələbələrin ideyalarını dəstəkləyir və onların real layihələrə çevrilməsi üçün müvafiq şərait yaradır: “Bu layihələr sizin peşəkar mühitə daha inamlı şəkildə daxil olacağınızı göstərir. Sizinlə qürur duyduğumu bildirir və yaradıcı fəaliyyətlərin davamlı olmasını arzu edirəm”, - deyə rektor çıxışını yekunlaşdırıb. 

Qeyd edək ki, “AU-1” komandası 15–18 dekabr 2025-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək ICPC müsabiqəsinin 1/2 final mərhələsində Azərbaycan Universitetini təmsil edəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR