XƏBƏRLƏR

Azərbaycan Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş sərgi açılıb

Azərbaycan Universitetində  Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş sərgi açılıb

10 oktyabr 2025

Baxış sayı: 216

Azərbaycan Universitetində 27 Sentyabr – Anım Günü və 8 Noyabr -  Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş “Əsrə bərabər 44 gün” adlı sərgi açılıb.  Sərgidə hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin gedişatı xronoloji ardıcıllıqla təqdim olunur və 44 slayd nümayiş etdirilir. 

Sərginin təşkilində əsas məqsəd tələbələri Vətən müharibəsində qazanılan tarixi qələbə haqqında məlumatlandırmaq, Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaqdır.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Şanlı Vətən müharibəsi 30 illik işğala son qoyan parlaq Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Sərgi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq hazırlanıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

                                             

DİGƏR XƏBƏRLƏR