XƏBƏRLƏR
SPTM Mərkəzinin direktoru Türkiyədə keçirilən beynəlxalq layihədə iştirak edib
Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru ¬Aygün Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Edirne şəhərində keçirilən “Sport, Health and Cultural Exchange” adlı beynəlxalq gənclər layihəsində iştirak edib. Azərbaycan bu layihədə 6 gənc nümayəndə ilə təmsil olunub. Nümayəndə heyətində hazırda Türkiyənin Üsküdar Universitetində magistratura təhsili alan və eyni zamanda Azərbaycan Universitetinin Sosial iş məzunu olan Vüsalə Muxtarova da yer alıb. Layihə Türkiyə Milli Agentliyi, Yeşilay və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, İordaniya, Bolqarıstan və Şimali Makedoniyadan ümumilikdə 30-a yaxın gənc bir araya gəlib. Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, asılılıq növləri ilə mübarizəyə diqqət çəkmək, mədəniyyətlərarası dialoqu gücləndirmək və təcrübə mübadiləsi olub.
Layihə çərçivəsində “Substance Addiction”, “Technology Addiction”, “Tobacco and Alcohol Addiction” və “Gambling Addiction” kimi mövzularda maarifləndirici seminarlar və təlimlər keçirilib. “Alcohol Goggles” adlı simulyasiya məşğələləri və iştirakçıların təqdimatları da böyük maraqla qarşılanıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Aygün Muradlı tədbirdə çıxış edərək ölkəmizdə gənclər və idman siyasəti, psixoloji dəstək və asılılıqlarla mübarizə sahəsində görülən işlər haqqında təqdimat edib, sualları cavablandırıb.
Layihənin növbəti mərhələsində iştirakçılar Edirnedə yerləşən YEDAM Mərkəzinə (Yeşilay Məsləhət Mərkəzi) səfər edərək mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Bununla yanaşı, şəhər ekskursiyaları, təbiət yürüşləri, fərdi və komandalararası idman yarışları, eləcə də mədəniyyətlərarası anlaşmanı təşviq edən “Cultural Night” adlı tədbir təşkil olunub. Mədəniyyət gecəsində Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və milli mətbəxi təqdim edilib.
Səfərin sonunda Trakya Universitetinin rektoru, professor Mustafa Hatipler ilə iştirakçı nümayəndələrin görüşü baş tutub. Görüş zamanı Aygün Muradlı layihənin təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və layihə ilə bağlı təəssüratlarını Anadolu Agentliyinə verdiyi müsahibədə bölüşüb.
İctimaiyyətlə əlaqələr şöbəsi