XƏBƏRLƏR

Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi hadisə olduğu diqqətə çatdırılıb, Azərbaycan tarixinin əlamətdar günləri ilə bağlı tədbirlərin gənclərin yetişməsi və maariflənməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. 

Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, universitetin qonağı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəsul Mehdixanovun çıxışları dinlənilib. 

Elmi işlər üzrə prorektor Yusif Qasımov açılış nitqi ilə çıxış edərək 1918-ci il may ayının 28-də Gürcüstanın Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsinin oxunmasının və Şərqdə ilk demokratik respublikanın yaradıldığının dünyaya rəsmən elan olunmasının Azərbaycan xalqının həyatında çox böyük və əlamətdar hadisə olduğunu qeyd edib. Çıxışında AXC dövründə dövlət quruculuğunda və idarəetmədə əsası qoyulan yeni və mütərəqqi ənənələrə toxunan prorektor bildirib ki, çox çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq AXC öz tarixi missiyasını uğurla yerinə yetirib. Bu, elə bir yol, elə bir missiyadır ki, bolşevik işğalı Azərbaycan dövlətçiliyini tarix səhnəsindən silə bilməyib. 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən, bu gün öz tarixinin ən güclü və ən qürurlu dövrünü yaşayan müasir və müstəqil Azərbaycan dövləti 107 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ildən sonra öz əzəli torpaqlarını Ermənistan işğalından azad etməsi, dövlət sərhədlərinə tam nəzarətin təmin olunması, ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi böyük tarixi nailiyyətdir. Müasir, müstəqil və suveren dövlətə sahib olmaq AXC qurucularının da ən böyük arzusu və xəyalı olub: “Əminliklə deyə bilərəm ki, bu gün onların ruhu şaddır”, - deyə Azər Süleymanov çıxışını yekunlaşdırıb.

Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəsul Mehdixanovun çıxışı isə ermənilərin Qarabağın dağlıq hissəsinə köçürülməsi, AXC-nin tarixi əhəmiyyəti, Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri və bu kimi məsələləri əhatə edib. 

Tədbirin sonunda tələbələr - Aslanova Kamilla, İsmayılova Nuray, Qədirova Aysel, Qarayeva Fatimə,  Əzimova Günel,  Həsənli Nigar, Qasımov Xəqani, Cəfərzadə Fatimə, Qurbanismayılova Məryəm, Səfərli Məryəm, İskəndərli Bahar, Fatimə Məmmədova, Rəhmətova Nuray və Gülməmmədova Esmiranın ifasında 28 May – Müstəqillik Gününə həsr olunmuş bədii proqram təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

                    

DİGƏR XƏBƏRLƏR