XƏBƏRLƏR
Bu gün Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayır
Bu gün Azərbaycan Universitetində II “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayır. “Konstitusiya və Suverenlik ili”nə həsr olunan ikigünlük konfrans Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilir.
Konfransa qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da tədbirin rəsmi açılışı olacaq. Açılışda Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın salamlama nitqi ilə çıxış edəcək.
Açılışın ardından plenar iclas start götürəcək. Tədbir iştirakçıları plenar iclasda Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun məruzələrini dinləyəcəklər. Plenar iclasa Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov sədrlik edəcək.
Konfrans işini nahar fasiləsinin ardından bölmə iclslarında davam etdirəcək.
Beynəlxalq konfrans işini sabah yekunlaşdıracaq.
Bazar günü isə tədbirin xarici iştirakçılarının Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi